Bakıda Avropa çempionatının açılışı oldu
13.04.2010 - 19:24
Bakıda Avropa çempionatının açılışı oldu
Yarışda 36 ölkənin 380 güləşçisi mübarizə aparacaq

Bu gün Heydər Əliyeva adına İdman Konsert Kompleksində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası prezidenti İlham Əliyev də iştirak edib.

Əvvəlcə iştirakçı ölkələr səhnəyə dəvət olunublar. Sonra gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti, Avropa Güləş Federasiyaları Assosiasiyasının (CELA) prezidenti Seno Senov, Azərbaycan Güləş Federasiyasının prezidenti, vergilər naziri Fazil Məmmədov çıxış ediblər.

Azad Rəhimov təkcə aprel ayında Azərbaycanda 4 beynəlxalq yarışın keçiriləcəyini bildirib. O, bunu ölkəmizin dünyanın beynəlxalq idman mərkəzlərindən birinə çevrilməsinin əyani sübutu kimi qiymətləndirib. Rafael Martinetti və Seno Senov yüksək təşkilatçılığa görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Fazil Məmmədov isə bütün yarış iştirakçılarına gərgin idman mübarizəsi şəraitində uğurlar arzulayıb.

Daha sonra yarış açın elan olunub. Tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, aprelin 18-dək davam edəcək Avropa çempionatında 36 ölkənin 380 güləşçisi mübarizə aparacaq.