Rusiya yığmasının baş məşqçisi Azərbaycandan təklif gözləyir - MÜSAHİBƏ
14.04.2010 - 17:22
Rusiya yığmasının baş məşqçisi Azərbaycandan təklif gözləyir - MÜSAHİBƏ
Rusiyanın sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Dzambolat Tedeyevin Lent.az-a müsahibəsi

- Avropa çempionatında ən yüngül çəkidə Azərbaycan güləşçisi Mahmud Maqomedovun qızıl medal qazanmasını necə qarşıladınız?
- Əvvəla, Maqomedov azərbaycanlı deyil. O, hələ yarım il öncə Rusiya adından mübarizə aparırdı. Sadəcə, xahiş etdilər, biz də gənc və perspektivli olduğunu nəzərə alaraq, bunu anlayışla qarşıladıq. Bizim üçün yalnız xoş haldır ki, azərbaycanlı qardaşlarımız Avropa çempionatının qalibi olurlar.

- Hər halda, bu çəki dərəcəsində Rusiya güləşçisi Viktor Lebedev bürünc medal qazandı...
- Bu, idmandır. Hər şey idmançının hazırkı formasından asılıdır. Bu gün Maqomedov yaxşı formadadır. Lebedevin isə hansısa səhvləri var ki, onların üzərində işləmək, düzəltmək lazımdır. Fikrimcə, sentyabrda Moskvada keçiriləcək dünya çempionatınadək hər şey qaydasına düşəcək və özümüzü ən yaxşı tərəfdən göstərəcəyik.

- Maqomedovun Avropa çempionu olduğunu gördükdən sonra onu buraxdığınıza görə təəssüflənmirsiniz?
- Əlbəttə, getməyinə təəssüflənirəm. Biz yığma komandada hamıya eynilə Azərbaycanın öz idmançılarına yaratdığı şəraiti yarada bilmərik. Burada dəstək ən yüksək səviyyədə - Azərbaycan prezidenti tərəfindən verilir. Təbii ki, Rusiyadakından yaxşı şərait yaradılırsa və müqavilə şərtləri daha yüksək olarsa, güləşçimizi saxlaya bilmərik. Həm də Beynəlxalq Olimpiya Xartiyası var. Orada göstərilib ki, hər hansı şəxs digər ölkənin vətəndaşlığını qəbul edirsə və yaşayış yerini dəyişirsə, bu zaman həmin ölkənin adından çıxış edə bilər. Mahmud Maqomedov da istisna deyil. Əgər Maqomedov yaşayış yerini dəyişibsə və Azərbaycan vətəndaşlığı alıbsa, biz onu necə saxlaya bilərik? Bu, heç cür mümkün deyil. Üstəlik, daha əlverişli şərait yaradırlarsa... O da perspektivli güləşçi kimi ümidləri doğrultdu və Avropa çempionu oldu. Buna görə sizi təbrik edirəm.

- Məgər 55 kq çəki dərəcəsində Lebedevdən başqa səviyyəli güləşçiniz yoxdur?
- Bu çəkidə Nəriman İsrapilov adlı pəhləvanımız var. O, ötən il Avropa çempionu olub. Sadəcə, xəstələndiyi üçün heyətə düşə bilmədi. İnanıram ki, İsrapilov Rusiya çempionatında yaxşı çıxış edərək, dünya çempionatında mübarizə aparacaq.

- Siz müsahibələrinizdən birində bildirmisiniz ki, Rusiya çempionatı dünya çempionatından güclüdür...
- Bəli, doğrudur. Bir neçə olimpiya çempionumuz dünya çempionatına düşə bilmir. Çünki Rusiya çempionatında məğlubiyyətə düçar olurlar. Bununla əlaqədar, bizdə hər çəki dərəcəsində güclü rəqabət var. 66 kq çəkidə çıxış edən Maqomedmurad Hacıyevin cəmi 22 yaşı olsa da, Avropa çempionatında finala vəsiqə qazanıb. 84 kq çəkidə ötən il Soslan Ktsoyev Avropa çempionu olmuşdu. Amma Bakıya gənc güləşçi Anzor Urişevi gətirdik və o da qızıl medal qazandı. Yəni, bizim yenilənən komandamız var. Qitə çempionatında demək olar ki, gəncləri sınaqdan çıxaracağıq. 2012-ci il London Yay Olimpiya Oyunlarınadək gənc və perspektivli pəhləvanlarımızı sınaqdan çıxarmaq lazımdır.

- Ötən il ümumi komanda hesabında Avropa çempionu ola bilməsəniz də, dünya çempionu adını qazandınız. Bunu nə ilə izah edə bilərsiniz?
- Bizim üçün ən əsas vəzifə Avropa çempionatı deyil, dünya çempionatıdır. Avropa çempionatına isə gənc güləşçiləri buraxırıq ki, əsas əcnəbi rəqiblərimizlə mübarizə aparsınlar. Sonra dünya çempionatına 1 nömrəli güləşçilərimizi aparırıq. Avropa çempionatında isə 2-3 nömrəlilər çıxış edirlər.

- Bu, nə ilə əlaqədardır?
- Biz eksperiment aparırıq. London olimpiadasınadək hələ 2 ilimiz var. Bizim həm 1, həm də 2 nömrəli güləşçilərimiz olmalıdır ki, əsas əcnəbi rəqiblərimizlə sabit mübarizə aparsınlar. Sonra da olimpiadayadək onların arasından seçim edə bilək. Ehtiyat qüvvəmiz böyükdür.

- Azərbaycanın sərbəst güləş yığmasında Rusiya pəhləvanları çıxış edirlər. Bəs Sizə millimizdən baş məşqçilik təklifi gəlsə, necə yanaşarsınız?
- Azərbaycan yığması belə gözəl nailiyyətlər əldə etməsi bizim üçün çox xoşdur. Əgər təklif olarsa, bu təklif üzərində fikirləşə bilərik. Amma Rusiya yığmasındakı şərait də yaxşıdır. Şikayətimiz yoxdur.