Azərbaycan “klassiklər”indən 2 qızıl, 1 gümüş - YENİLƏNİB
17.04.2010 - 20:00
Azərbaycan “klassiklər”indən 2 qızıl, 1 gümüş - YENİLƏNİB
Bakıda təşkil olunan Avropa çempionatında bu gün yunan-Roma güləşçiləri mübarizəyə başlayıb. Apasport.az saytının xəbərinə görə, milli komandamızın lideri Fərid Mansurovun ağır zədə ucbatından qitə birinciliyində çıxışını erkən dayandırdı.

2 qat dünya və olimpiya qalibi Fərid Mansurovun kolleksiyasında yalnız Avropa çempionatının qızıl medalı olmadığından hamı bu yarışı maraqla gözləyirdi. Onun bu medalı Bakıdakı qitə birinciliyində qazanacağı gözlənilirdi. Amma bəxtsizlik Fəridə sevinmək imkanı vermədi.

İlk görüşdə ispan Oskar Fernandeslə mübarizədə idmançımız ağır zədə aldı. 4 xallıq fəndi yerinə yetirən Mansurov başından zədələnsə də, görüşü davam etdirərək, qələbə qazandı. Zədəli çempionumuz ikinci görüşdə də azarkeşlərə sevinc bəxş etdi. İsveçli Uve Gunterlə görüşə pəhləvan qoruyucu maska ilə çıxdı. Başındakı ağrılara baxmayaraq, Mansurov 1/4 finala yüksəldi. Amma bundan sonra azarkeşlər şok yaşadı. Arenada ciddi zədəyə görə Fərid Mansurovun Avropa çempionatında çıxışını dayandırması elan olundu.

Fanatlar “Fərid çempion” deməklə, ona dəstək oldu. Həkimlər isə dərhal güləşçini xəstəxanaya apararaq, onun müayinəsinə başladı. İlkin məlumatlara görə, çempionumuz ən azı 3 ay məşq etməyəcək. Mansurovun komanda yoldaşları isə maksimum nəticə göstərməyə yaxındır.


55 kq
Elçin Əliyev ardıcıl 3 qələbə sayəsində karyerasının ən böyük yarışında finala çıxdı. Pəhləvanımızı Avropa çempionluğundan bir görüş ayırır. İndi Əliyev həmkarı Rövşən Bayramovun Pekin olimpiadasında uduzduğu Rusiya təmsilçisi Nazir Mankiyevlə görüş gözləyir.

Gənc güləşçimiz birinci setdə olimpiya çempiona qarşı layiqincə mübarizə apararaq, 2:0 hesablı qələbə qazanıb. İkinci hissədə də rəqibindən güclü olan (1:0) idmançımız ilk dəfə qatıldığı Avropa çempionatında qızıl medala sahib çıxıb.

60 kq
Həsən Əliyev də qızıl qazana bilər. Bunun üçün Vitali Rəhimovu əvəzləyən pəhləvan finalda ukraynalı Konstantin Baliçkini udmalıdır.

Rəqibi ilk hissədə idmançımızın fəndləri qarşısında aciz qalıb. Belə ki, Əliyev ukraynalı üzərində qələbə qazanıb - 4:0. İkinci hissəyə də fəal başlayan pəhləvanımız əvvəlki görüşlərində olduğu kimi, rəqibinə xal verməyib və təmiz qələbə (6:0) sayəsində Avropa çempionu adını qazanıb.

74 kq
Elvin Mürsəliyev ardıcıl qələbələrdən sonra finalda iştirak etmək imkanı qazandı. Gənc idmançımız Aleksandr Kikinovla (Belarus) qurşaq tutacaq.

Təəssüf ki, həmyerlimiz digər güləşçilərimizin uğurunu təkrarlaya bilmədi. Hər iki hissədə belaruslu rəqibinə yenilən (0:2, 1:3) Elvin sonda gümüş medalla kifayətləndi.

Beləliklə, “klassikləri”miz ilk günü 3 medalla başa vurdular: 2 qızıl, 1 gümüş.

Qeyd edək ki, Avropa çempionatı sabah daha 3 çəkidə qalibi müəyyənləşdirməklə yekunlaşacaq.