Avropa çempionatına yollanacaq taekvondoçuların adları açıqlandı
22.04.2010 - 10:30
Avropa çempionatına yollanacaq taekvondoçuların adları açıqlandı
Azərbaycan taekvondo yığması aprelin 12-də Qubada start götürən təlim-məşq toplanışını davam etdirir. Millinin baş məşqçisi Ələkbər İmaməliyevin apasport.az saytına verdiyi məlumata görə, komanda mayın 10-12-də Sankt-Peterburqda keçiriləcək Avropa çempionatına hazırlığın son mərhələsini keçir.

İmaməliyev bildirib ki, qitənin ən mötəbər yarışında kişilər arasında Azərbaycanın idman şərəfini qoruyacaq təxmini heyət artıq məlumdur: “Təlim-məşq toplanışında iştirak edən 20-yə yaxın taekvondoçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Onların hər biri millidə yer almağa layiqdir. Lakin biz Rusiyada təşkil ediləcək Avropa çempionatında cəmi 8 nəfərlə təmsil oluna bilərik. Bunun üçün məşqçilər korpusu təxmini heyəti müəyyənləşdiriblər. Sankt-Peterburqda Samir Aydınov (54 kq), Hi Sonq Li (58 kq), Ziya Qasımov (63 kq), Fariz Əliyev (68 kq), Rəşad Əhmədov (80 kq), Ramin Əzizov (87 kq) və Təvəkkül Bayramov (+87) mübarizə aparacaqlar. Lakin son anda dəyişikliyin də olması mümkünür”. Baş məşqçi yalnız 74 kq çəki dərəcəsində qüvvəsini sınayacaq idmançının adının hələ də dəqiqləşmədiyini bildirdi.

Xatırladaq ki, millimizin kül dumanı səbəbindən aprelin 24-25-də İspaniyada beynəlxalq turnirdə iştirakı təxirə salınıb.