Hər iki cüdoçumuz “ippon”a düşdü
22.04.2010 - 15:10
Hər iki cüdoçumuz “ippon”a düşdü
Avstriyanın paytaxtı Vyanada cüdo üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, bu gün tatamiyə 2 həmyerlimiz - İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) çıxıb.

Təəssüf ki, təmsilçilərimizdən Müşkiyev 1/16 final mərhələsində, Kərimov isə 1/8 final mərhələsində mübarizəni dayandırıb. Onlar 1/4 final mərhələsindən tez uduzduqlarından bürünc medal uğrunda döyüşlərə qatılmayıblar.

Cüdoçularımızdan sabah Elxan Rəcəbli (81 kq) qüvvəsini sınayacaq. Avropa çempionatının son günü isə Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) mübarizəyə qoşulacaqlar.

60 kq
Bu çəki dərəcəsində qüvvəsini sınayan İlqar Müşkiyev ilk görüşdə rusiyalı Beslan Mudranovla qarşılaşıb. Ermənistanda keçirilən Avropa birinciliyində gümüş medal qazanan cüdoçumuz Avstriyada bu uğuru təkrarlaya bilməyib. Rəqibin öncə yuko fəndinə “düşən” Müşkiyev tatamidə cəmi 1 dəqiqə 43 saniyə tab gətirə bilib. Növbəti mərhələyə ipponla qalib gələn Mudranov adlayıb. Təmsilçimiz ilkin mərhələdə uduzduğu üçün təsəlliverici görüşlərə qatılmayıb.

66 kq
Təmsilçimiz Tərlan Kərimov 1/16 final mərhələsində Neoklis Skouroumounisi (Kipr) sınağa çəkib. Vazari fəndi ilə rəqibini məğlub edən Kərimov, 1/8 final mərhələsinə yüksəlib. O bu mərhələ avstriyalı Andreac Mitterfellnerlə qarşılaşıb. Görüş cəmi 1 dəqiqə 42 saniyə davam edib. İlqar Müşkiyev kimi Tərlan Kərimov da ipponla uduzub. Həmyerlimiz mübarizəni bu mərhələdə dayandırdığı üçün bürünc medallar uğrunda görüşlərdən məhrum olub.