“Bu illər mənim üçün çox çətin keçdi”
22.04.2010 - 11:52
“Bu illər mənim üçün çox çətin keçdi”
Cüdo üzrə Azərbaycan yığmasının 4 il müddətinə diskvalifikasiya edilmiş üzvü Nicat Şıxəlizadənin gələn il cəzası başa çatacaq. Bu barədə apasport.az saytına idmançının özü açıqlama verib.

Şıxəlizadə bildirib ki, 3 il idmansız qalması onun üçün çətin keçib: “Həqiqətən də bu illər mənim üçün çox çətin olub. Arxada qalan vaxtda demək olar ki, yalnız məşqlərlə kifayətlənmişəm. Başımı aşağı salıb, formamı qorumağa çalışmışam. Çünki idmandan başqa sənətimiz yoxdur ki.... Milli komandanın ölkə daxilində keçirdiyi bütün təlim-məşq toplanışlarına qatılmışam. Artıq beynəlxalq turnirlərdə iştirakıma az qalıb. 1 ildən sonra yenidən yarışlarda çıxış edəcəyəm”.

60 kq çəki dərəcəsində Azərbaycan millisinin şərəfini qorumuş gənc cüdoçu indi də formada olduğunu və çəkisində dəyişiklik edilməyəcəyini qeyd edib: “Məni hazırda formam qane edir. Yarışlarda tatamiyə çıxmağa hazıram. Amma bilmirəm, mənə nə vaxt etimad göstəriləcək. Buna görə, həmin vaxta qədər formada olacağıma zəmanət verməkdə çətinlik çəkirəm. Sevindirici haldır ki, artıq çəkim yoxdur. Yarışdan öncə belə problem olarsa, çəki salmaq çətin olmayacaq. Bu 3 il ərzində isə maddi cəhətdən mənə Azərbaycan Cüdo Federasiyası və klubum həmişə dəstək olublar. Məni korluq çəkməyə qoymayıblar”.

Dünya birinciliyinin gümüş mükafatçısı cəzalı olduğu dövrdə cüdo qaydalarında edilən dəyişikliklərə də münasibət bildirib: “Yeni qaydalar tək Azərbaycan idmançıları üçün deyil, hamı üçün böyük problem yaradıb. Amma artıq məşqlərimizi yeni qaydalara uyğun aparırıq. Yarışlara çıxmadığımdan mənə bu qaydaların nə dərəcədə təsir göstərəcəyini deyə bilmərəm. Ümid edirəm ki, bir ildən sonra bütün çətinliklər arxada qalacaq”.

Xatırladaq ki, 2007-ci il iyulun 2-dən 9-dək Belarusun paytaxtı Minskdə keçirilmiş beynəlxalq təlim-məşq toplanışı zamanı Nicat Şıxəlizadədən götürülən dopinq-test müsbət nəticə vermişdi. Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndələri tərəfindən aparılan analiz nəticəsində 60 kq çəkidə çıxış edən cüdoçumuzun orqanizmindən istifadəsi qadağan olunmuş fulosemid preparatı tapılmışdı. 2005-ci ildə gənclər arasında təşkil olunan Avropa çempionatında da dopinq-testdən keçə bilməyən Şıxəlizadə 1 il müddətinə cəzalandırılmışdı. İkinci dəfə eyni xoşagəlməz halla üzləşdiyi üçün idmançımız daha ağır cəzaya – 4 illik diskvalifikasiyaya məruz qalıb.