Qələbə günü - YENİLƏNİB
27.04.2010 - 20:20
Qələbə günü  - YENİLƏNİB
Bakıda keçirilən gənc boksçular arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Kompleksində keçirilən yarışlarda bu gün 5 həmyerlimiz rinqə çıxacaq.

51 kq
Bu çəkidə qüvvəsini sınayan Şaban Şahpələngov ilk görüşündə braziliyalı Juscelino Bonifacionu sınağa çəkib. İlk dəqiqələrdən təşəbbüsü ələ alan boksçumuz rəqibini asanlıqla məğlub edib. Belə ki, müdafiədə inamla çıxış edərək, hücuma meyl edən Şahpələngov birinci raundda 5:1, ikinci raundda 3:2 və üçüncü raundda 5:0 hesabı ilə qələbə qazanıb. Nəticədə braziliyalını 10 xal (13:3) qabaqlayan həmyerlimiz 1/16 finala vəsiqə qazanıb.

57 kq
İlk döyüşdə Roy Xarmatsa (Israil) qalib gələn Elvin İsayev 1/16 final mərhələsində özbəkistanlı Babur Aytbayevlə qarşılaşıb. Birinci raundda rəqibinə 1 xal belə verməyən boksçumuz növbəti raundlarda bu üstünlüyü qoruyub. O, özbək idmançısına 5:4 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

64 kq
Azərbaycanın idman şərəfini qoruyan Tamerlan Abdullayev hindistanlı Sing Harpala yumruğunun gücünü göstərib. Boksçumuz kifayət qədər güclü rəqibini birinci raundda 2:1 hesabı ilə məğlub edib. İkinci raundda 4:3 hesabı ilə qələbə qazanan Abdullayev son raundda heç-heçə (4:4) ilə kifayətlənib. Döyüşün yekununda 8:7 hesabı ilə rəqibinə qalib gələn həmyerlimiz 1/16 final mərhələsinə yüksəlib. O, növbəti görüşünü sabah keçirəcək.

69 kq
1/32 final mərhələsində Rohan Pradhanı (Nepal) yarışdan kənarlaşdıran Emil Əhmədov ikinci döyüşündə Tolqa Doğanla (Türkiyə) mübarizə aparıb. Gərgin keçən qarşılaşmada həmyerlimiz 4:0 (0:0, 2:0, 2:0) hesabı ilə qələbə qazanaraq, 1/8 final mərhələsinə yüksəlib. Əhmədov bu mərhələdə döyüşünü aprelin 29-da keçirəcək.

75 kq
Bu çəki dərəcəsində rinqə çıxan Vətən Hüseynli latviyalı Deymantas Miskeviciuslə qüvvəsini sınayıb. Həmyerlimiz rəqibi üzərində qələbə qazanaraq, növbəti mərhələyə çıxıb.

Xatırladaq ki, birinciliyin ilk 2 günündə mübarizəyə qoşulan 4 boksçumuzdan yalnız Hacıbaba Hacıbabayev (91 kq) çıxışını dayandırıb.