Azərbaycan Avropa çempionatından imtina etdi
27.04.2010 - 11:31
Azərbaycan Avropa çempionatından imtina etdi
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 2011-ci ildə gənclər arasında Avropa çempionatının Bakıda təşkilindən imtina edib. Bu haqda Lent.az-a federasiya rəsmisi İskəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) gələn il keçiriləcək qitə birinciliyinin təşkilatçılıq hüququnu Ermənistanın paytaxtı İrəvandan alaraq, Bakıya vermək istəyirdi. Səbəb kimi Ermənistan tərəfinin elementar hazırlıq işlərini görməyə maddi imkanının olmaması göstərilib. Amma AAAF rəhbərliyi EWF-nin təklifinə razılıq verməyib: “Biz gələn il bütün diqqətimizi 10 – 17 noyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına yönəldəcəyik. Gənclərin Avropa çempionatının isə sentyabrda keçirilməsi nəzərdə tutulub. Dünya çempionatına ciddi hazırlıq dövründə gənclərin qitə birinciliyinin təşkilati işləri ilə məşğuliyyətə vaxtımız olmayacaq. Ona görə də EWF-nin təklifini qəbul etmədik”.

Əsgərov 2014-cü ildə keçiriləcək kişilər və qadınlar arasında dünya çempionatına Bakı şəhərinin namizədliyini irəli sürdüyünü də xatırladıb. Həmin yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.