“Lisenziya turnirlərinə qədər komanda hazır olacaq” - MÜSAHİBƏ
27.04.2010 - 15:27
“Lisenziya turnirlərinə qədər komanda hazır olacaq” - MÜSAHİBƏ
Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadənin apasport.az saytına müsahibəsi

- Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa çempionatında milli komandamız cəmi bir bürünc medal qazandı. Nəticədən razı qaldınızmı?
- Qitə birinciliyinə 5 idmançı ilə yollanmışdıq. Lakin onlardan yalnız Elxan Məmmədov fəxri kürsüyə qalxdı. Elxan finala çıxmağa yaxın olsa da, yarımfinalda gürcü idmançı ilə mübarizədə qələbəni əldən verdi. Vyanada Elxan Rəcəbliyə də böyük ümid bəsləyirdik. Təəssüf ki, gözlənildiyindən zəif çıxış etdi. Digər 3 nəfər də ondan geri qalmadı. Amma nəzərə almaq lazımdır ki, İlqar Müşkiyev, Tərlan Kərimov və Elmar Qasımov böyüklərdən ibarət milliyə yeni cəlb ediliblər. Onların Avropa çempionatında qazandıqları təcrübə gələcəkdə öz bəhrəsini verəcək. Bundan əlavə, yetirmələrimin yeni qaydalara uyğunlaşmaması da zəif çıxışımızda mühüm rol oynadı.

- Çempionata qadın cüdoçularımızın aparılmaması nə ilə bağlıdır?
- Qadınlardan ibarət komandamızın aparıcı üzvləri zədə və xəstəlik səbəblərindən Bakıda qaldılar. Onlardan Kifayət Qasımova təlim-məşq toplanışında iştirak etsə də, cərrahiyə əməliyyatından sonra tam bərpa dövrü keçmədiyi üçün Avropa çempionatına aparılmadı. Digər cüdoçumuz Ramilə Usubova isə xəstəliyi ilə əlaqədar heç məşqlərə də qatılmadı.

- Yığmanın üzvləri Zağulbadakı təlim-məşq toplanışında yaradılan şəraitdən narazılığını bildiriblər. Bu mötəbər yarışa hazırlıq üçün başqa məkan seçmək olmazdımı?
- Həmin vaxt başqa zallarda yer yox idi. Şağanda gənc cüdoçular məşq etdiklərindən və orada qalmaq üçün cəmi 27 yer olduğundan Zağulbanı seçdik. Hazırlıq planına görə təlim-məşq toplanışı Bakıda yekunlaşmalı idi. Amma bundan sonra iştirak edəcəyimiz yarışların hazırlığını xarici ölkələrdə keçəcəyik.

- Qarşıda cüdoçularımızı lisenziya yarışları gözləyir. Bu yarışlara komandamız hazırdır?
- Biz hazırlıqlara yeni start vermişik. Yalnız Avropa çempionatı ilə bağlı təlim-məşq toplanışında iştirak etmişik. Bundan əvvəl isə məşqlərimiz olmamışdı. Lakin lisenziya turnirlərinə qədər komanda hazır olacaq.

- Lisenziya yarışlarına neçə idmançı ilə qatılmağı planlaşdırırsınız?
- Olimpiadaya lisenziya xalı verəcək turnirlərdə 11 cüdoçu ilə mübarizə aparacağıq. Burada qadın idmançılarla bərabər, Olimpiya çempionu Elnur Məmmədli və olimpiadanın bürünc mükafatçısı Mövlud Mirəliyev də komandaya qoşulacaq.