7 boksçudan 6 qələbə - YENİLƏNİB
29.04.2010 - 20:20
7 boksçudan 6 qələbə  - YENİLƏNİB
Bakıda keçirilən boks üzrə gənclər arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, bu gün yarışda 1/4 final mərhələsinə yüksələcək idmançıların adları müəyyənləşib. Bu boksçular arasında Azərbaycan milli komandasının 7 üzvü də rinqə çıxıb. Həmyerlilərimizdən altısı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib, biri isə mübarizəni dayandırıb.

48 kq
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Salman Əlizadə ikinci döyüşündə Stefan Kaslarovu (Rumıniya) sınağa çəkib. Boksçumuz döyüşə uğurla başlayıb. İlk raundda rəqibinə 3 dəqiq zərbə vuran Əlizadə növbəti raundda ondan 5 xal alıb. Sonuncu raund isə rumıniyalı boksçu üçün daha ağır keçib. Təmsilçimiz bu dəfə rəqibindən daha 7 xal alaraq döyüşü 15:0 hesabı ilə öz xeyrinə başa vurub.
Boksçumuz 1/4 final mərhələsində Vadzim Kirilenka (Belarus) ilə qarşılaşacaq.

51 kq
İlk iki görüşdə Braziliya və İrlandiya boksçularını yarışdan kənarlaşdıran Şaban Şahpələngov 1/8 finalda Jiang Jinyongin (Çin) gücünü yoxlayıb. Boksçumuzun dəqiq zərbələrindən sonra çinli idmançının da onun üçün asan rəqib olduğu müəyyənləşib. Asiya təmsilçisinə 6:2 (2:1, 1:1, 3:0) hesabı ilə qalib gələn Şahpələngov 1/4 finala vəsiqə qazanıb. Həmyerlimiz növbəti mərhələdə Baskar Jerripothulla (Hindistan) üz-üzə gələcək.

57 kq
Bu çəkidə rinqə çıxan Elvin İsayev qazaxıstanlı Darxan Junsakbayevlə qüvvəsini sınayıb. 1/16 final mərhələsində Asiya təmsilçisinə (Özbəkistan) qalib gələn boksçumuz bu dəfə də eyni uğuru təkrarlayıb. “Qara qitə”nin boksçularını dalbadal yarışdan kənarlaşdıran İsayev Qazaxıstan təmsilçisini 13:5 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. Təmsilçimiz 1/4 final mərhələsində Nursultan Pazilovla (Qırğızıstan) qarşılaşacaq.

60 kq
1/16 final mərhələsində nokdaunla qələbə qazanan Kamran Baxışəliyev bu dəfə Hüseyn Karslıoğlunu (Türkiyə) rinqə dəvət edib. Birinci raundda 1:0 hesabı ilə rəqibini məğlub edən boksçumuz ikinci raundda da üstünlüyünü qoruyub – 3:0. Sonuncu raund da 1 dəqiq zərbə vuran Baxışəliyev 5:0 hesabı ilə qələbə qazanaraq, 1/4 finalda iştirak hüququ qazanıb.

69 kq
Emil Əhmədov 1/8 final mərhələsində Əhməd Mamadcanovla (Özbəkistan) qarşılaşıb. Nepal və Türkiyə boksçularına yumruğunun gücünü göstərən Əhmədov bu görüşdə zəif çıxış edib. Rəqibinə 3:8 (0:2, 2:4, 1:2) hesabı ilə məğlub olan Əhmədov dünya birinciliyində mübarizəni dayandıran dördüncü boksçumuz olub.

75 kq
İkinci görüşünə çıxan Vətən Hüseynli Navinlə (Hindistan) qüvvəsini sınayıb. Birinci raundda boksçuların hərəsinin 1 dəqiq zərbəsi qeydə alınıb. Lakin növbəti raundlarda üstünlüyə yiyələn təmsilçimiz 11:3 hesabı ilə qələbə qazanıb. Bununla da 1/4 final mərhələsinə yüksələn boksçularımızın sayı 6-ya çatıb. Hüseynli növbəti mərhələdə Harksa Zoltanla (Macarıstan) qarşılaşacaq.

+91 kq
Ən ağır çəkili boksçumuz Fərqan Ömərov yarışa bu gün qoşulub. Onun 1/8 finalda rəqibi Uladzislau Kuptsou (Belarus) olub. Döyüşə belaruslu idmançı daha yaxşı başlasa da, həmyerlimiz yekunda çətin qələbə qazanmaqla (3:2), növbəti mərhələyə çıxıb.

Xatırladaq ki, dünya birinciliyinə 11 boksçu ilə qatılan Azərbaycan komandasının heyətində Elnur Zeynalov (54 kq), Tamerlan Abdullayev (64 kq) və Hacıbaba Hacıbabayev (91 kq) mübarızəni dayandırıblar.