Nizami Paşayev: Onların məşqi məni keçmiş günlərimə qaytarır
29.04.2010 - 11:07
Nizami Paşayev: Onların məşqi məni keçmiş günlərimə qaytarır
İspaniyada keçiriləcək ağır atletika üzrə Avropa birinciliyinə hazırlaşan Azərbaycan yığmasının heyəti müəyyənləşib. Bu barədə apasport.az saytına məlumatı gənclərdən ibarət milli komandanın baş məşqçisi Nizami Paşayev verib.

Baş məşqçi bildirib ki, mayın 16-22-də Valensiyada təşkil olunacaq yarışda podiuma Paşa İbrahimov, Məhəmməd Seyidov (hər ikisi 50 kq), Elxan Əliquluzadə (56 kq), Ceyhun Tağızadə, Firudin Quliyev (hər ikisi 62 kq), Nicat Rəhimov (69 kq), Nailxan Nəbiyev (85 kq) və Ağazaman Əliyev (+94) çıxacaqlar.

Paşayev Avropa birinciliyinə ciddi hazırlaşdıqlarını və dünya birinciliyi ilə müqayisədə daha uğurlu çıxış edəcəklərini bildirib: “Mən komandaya baş məşqçi seçilərkən, dünya birinciliyinə cəmi 2 ay qalırdı. Bu vaxt ərzində atletləri yüksək səviyyədə hazırlamaq bir az çətin oldu. Bunun üçün Sinqapur-2010-a cəmi 1 lisenziya qazandıq. Amma Avropa birinciliyinə yüksək səviyyədə hazırlaşmışıq. Gəncədə keçirilən təlim-məşq toplanışını başa vurduqdan sonra məşqlərimizi AZAL-ın bazasında davam etdiririk. Ümid edirəm ki, çəkdiyimiz əziyyətin bəhrəsini İspaniyada görəcəyik”.

Baş məşqçi yetirmələri arasında güclü atletlərin olduğunu da vurğulayıb. Dünya çempionunun sözlərinə görə, millidə yer alan uşaqlar arasında öz gəncliyini xatırladanların olmasından həzz alır: “Komandada perspektivli atletlər kifayət qədərdir. Hətta bəzilərinin məşqləri məni keçmiş günlərimə qaytarır. Lakin onların hələ böyüklərdən ibarət komandaya çağırılacağını indidən söyləmək olmaz. Mən də gənclər yığmasında yer alanda, heyətdə 15-17 güclü idmançı var idi. Ancaq onlardan cəmi 3 nəfər əsas komandada yer aldıq”.