Kəmaləddin Heydərov: Boksda olan bugünkü vəziyyəti müsbət qiymətləndirirəm - MÜSAHİBƏ
03.05.2010 - 17:15
Kəmaləddin Heydərov: Boksda olan bugünkü vəziyyəti müsbət qiymətləndirirəm - MÜSAHİBƏ
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun müsahibəsi

- Bakıda keçirilən dünya birinciliyində 3 boksçumuz medal qazanıb. Boksçularımızın çıxışı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Bu sahədə aparılan işlərin nəticəsində uzunmüddətli fasilədən sonra idmançılarımız uğur qazanmağa başlayıblar. Boksçularımız gənclərin dünya birinciliyinə güclü hazırlaşıblar. Medal qazanmayan boksçular da yaxşı döyüşdülər. Bu, idmandır. İdmançı qələbə qazana da bilər, uduzar da. Mən bugünkü vəziyyəti müsbət qiymətləndirirəm.

- Gənclər bu yarışda potensiallarını göstərə bildilər. Böyüklərin heyətində isə iki boksçu yığma komandadan uzaqlaşdırılıb. Dünya birinciliyində fərqlənən boksçuların onların yerlərini tutmaları mümkündürmü?
- Bu, Azərbaycan Boks Federasiyasının Texniki Komitəsinin işidir. Bu onların manevrindən asılıdır.

- AİBA prezidenti Çing Kuo Vu böyüklər arasında dünya çempionatının da Bakıda keçirilməsi barədə fikirlərini bildirib. Onun Azərbaycanın bu yarışa təşkilatçılıq baxımından fikirləri necədir?
- Onlar Bakıda keçirilən dünya birinciliyinin təşkilatı işlərini yüksək qiymətləndirirlər. Son illərdə Azərbaycanda bir sıra mötəbər turnirlər keçirilib. Son ayda isə Bakıda güləş üzrə dünya çempionatı, qılıncoynatma üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyi və boks üzrə dünya birinciliyi olub. Azərbaycanda bu nailiyyətlərin kökü, təməli var. Bunun əsasını ümummilli liderimiz Heydər Əliyev qoyub. Onun davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyevin idmanın bütün növlərinə - həm olimpiya, həm də qeyri-olimpiya növlərinə diqqəti belə yüksək nəticələrə səbəb olur. Azərbaycan qonaqpərvər ölkədir. Uzun müddət belə olub. Mötəbər yarışların keçirilməsi üçün gözəl şərait yaradılıb. Demək olar ki, hazırda hər bir rayonda Olimpiya İdman Kompleksi tikilib. Bu da gənclərimizə şərait yaradır ki, onlar idmanın bütün növləri ilə məşğul olsunlar. Bu, artıq ənənəyə çevrilib. Bunun nəticəsi olaraq bu gün idmançılar arasında tək Bakıdan deyil, ucqar rayon və kəndlərdən də olanlar var. Onlar öz klublarında çıxış edə-edə, milli komandanın baş məşqçisi tərəfindən yığmaya cəlb edilir. Yəni bütün növlərdə qazanılan uğur böyük zəhmətin nəticəsidir. Məncə, bu cür münasibətdən sonra idmançılar da məsuliyyətli olurlar. Onlar da yaradılan şəraiti görürlər. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanda idmanın gələcəyi daha müvəffəqiyyətli olacaq.

- Komandamız dünya birinciliyində 3 medal qazanıb. Bu isə Sinqapurda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına 3 lisenziya deməkdir. Bu idmançıların hazırlığı ilə bağlı xüsusi tapşırıqlarınız olacaqmı?
- Bəli, 3 lisenziya qazanılıb. Lisenziya qazananların da, qazanmayanların da gələcəkdə yaşları, texniki imkanları, təcrübələri artacaq. Əsas komandaya çağırılacaqlar. Bu tədbirlər tək yarış xarakteri daşımır. Onların qarşılarına çıxan Rusiya, Kuba kimi ölkələrin komandaları ilə döyüşlərdə daha mükəmməlləşirlər. Bu yarış da, gələcəkdə olacaq digər görüşlərdə də yol verilən nöqsanlar, müsbət cəhətlər təhlil ediləcək, müzakirə aparılacaq. Medallar, nəticələr çox gözəldir. Bunlar bizim idmanın yüksək səviyyəyə qalxdığını göstərir. Ən əsas məsələ ondan ibarətdir ki, artıq gənclərin idmana böyük həvəsi var. Gənclər idmanın özləri üçün həyatlarının bir parçası hesab edirlər. Başqa işlərlə məşğul olmurlar. Həm dərslərini oxuyurlar, həm idmanla məşğul olurlar. Sağlam gənclik millətin sağlam gələcəyi deməkdir.