“Xal yığımı” başlayır
06.05.2010 - 14:22
“Xal yığımı” başlayır
Sabah Tunisdə cüdo üzrə Qran-Pri turnirinə start veriləcək. Apasport.az saytına məlumatına görə, 3 gün davam edəcək yarış London Olimpiya Oyunlarına lisenziya xalları verəcək.

Turnirdə Azərbaycanın idman şərəfini baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında 12 cüdoçu - İlqar Müşkiyev, Vüqar Şirinli (hər ikisi 60 kq), Ramil Qasımov, Tərlan Kərimov (hər ikisi 66 kq), Orxan Dünyamalıyev, Amil Qasımov (hər ikisi 73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Emil Tahirov (+100 kq) qoruyacaq.

Yarışlardan sonra komandamız Tunisdə təlim-məşq toplanışlarında iştirak edəcək. Burada hazırlıqlar yekunlaşdıqdan sonra cüdoçularımız mayın 15-16-da Misirdə keçiriləcək Dünya kubokuna yola düşəcəklər. Bu yarışda komandamızın heyətinə daha 3 idmançı – Ramin Qurbanov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova da (63 kq) qatılacaqlar.

Qeyd edək ki, bu yarış da London-2012-yə lisenziya xalı verəcək.