Kifayət Qasımova: O mənə “ya ailə, ya da idman” deyirdi
06.05.2010 - 17:25
Kifayət Qasımova: O mənə “ya ailə, ya da idman” deyirdi
Cüdo üzrə Azərbaycan milli komandasının üzvü, ikiqat Avropa çempionu Kifayət Qasımovanın apasport.az saytına müsahibəsi

- Ötən il keçirilən dünya çempionatında aldığınız zədədən sonra yarışlara qatılmırsınız. Vəziyyət nə vaxtadək belə davam edəcək?
- Hollandiyada keçirilən dünya birinciliyində 3-cü yeri tutdum. Həmin yarışda ciddi zədələndim və hələ də özümə gələ bilmirəm. 3 ay öncə Almaniyada əməliyyat olunmuşam. Düzdür, ağrılar indi də var, amma şiddətli deyil. Özümü gümrah hiss edirəm. İnşallah, yaxın gələcəkdə məni kimonoda görəcəksiniz.

- Konkret hansı turnirlərdə iştirakınız nəzərdə tutulub?
- Azərbaycan yığması mayın 5-də Tunisə gedib. Mən bir həftə sonra Misirə yollanacağam. Bu ölkədə Qran-Pri yarışı var. London olimpiadasına lisenziya xalları verən turnirdə yaxşı çıxış etməliyəm. Yəqin ki, vaxt tapıb Piramidaları da gəzəcəyəm.

- İdmançı karyeranızı bitirmək istəyinə düşməyinizlə bağlı söz-söhbət yayılmışdı...
- Ömürlük idmanda qalmayacağam ki... Fikrimcə, London olimpiadasından sonra idmandan getməyin vaxtdır. Avropa çempionu olmuşam, dünya çempionatında medal qazanmışam. Təkcə, olimpiadada fərqlənməmişəm. Əsas məqsəd Londona getmək və Azərbaycanı layiqincə təmsil etməkdir. Deyə bilərsinizmi, idmandan getməyimlə bağlı məsələni nə ilə əlaqələndirirlər?

- Ailə həyatı qurmağınızla bağlı...
- Ailə qurmağın vacibliyini dərk edirəm. Amma mən ömrümün böyük hissəsini idmana sərf etmişəm. İstəyirəm ki, olimpiya medalı qazanıb, idmandan gedim.

- Heç indiyədək sizin üçün elçi gəliblərmi?
- Bəli. 5-6 ay bundan qabaq olub. Onda zədəm ağrı verirdi, heç məşq edə bilmirdim. Əlbəttə ki, onlara “yox” deyib, bütün diqqətimi yenidən idmana yönəltdim. Elçi gələnin idmanla əlaqəsi vardı. İndi adını desəm də, tanımayacaqsınız. Qərarıma görə heç də peşman deyiləm. Əksinə, düzgün qərar qəbul etdiyimi düşünürəm. Özümü idmanda rahat hiss edirəm. İndi nə namizədim var, nə də evlənmək barədə fikirləşirəm.

- Bəs sizi idmandan sonra ən çox düşündürən məsələ hansıdır?
- Əlbəttə, gündəlik qayğılar var. Bu, mənə və ailəmə xas olan məsələdir. İdmançılarımızın, bayrağımızın hər zaman zirvədə olmasını arzulayıram. Şükür Allaha, arzum gerçəkləşib. Bilirsiniz, hər idmançının öz dövrü var. Gərək, bu mərhələdə bütün titulları qazanasan. Əgər, ailə həyatı qursam, idman ikinci plana keçəcək. Buna da yol vermək istəmirəm. 5-6 bundan qabaq məni istəyən şəxs “ya ailə, ya da idman” deyirdi. Əlbəttə, idmanı heç nəyə qurban verə bilməzdim.

- Bəs, evdən sizi ailə həyatı qurmağa tələsdirmirlər?
- Hələ 26 yaşım var. Valideynlərim o vaxt idmana getməyimə mane olmayıblar, indi də uğurlarıma sevinirlər. Mənimlə heç vaxt bu barədə ciddi söhbət etməyiblər. Ailəm də anlayır ki, mənim üçün ən vacib məsələ peşəmi davam etdirməkdir. Düzdür, valideynlərimin müəyyən arzuları ola bilər. Amma taleyüklü qərarları ilk növbədə özüm verməliyəm.

- Ümumiyyətlə, ailə həyatı quracağınız şəxs necə olmalıdır?
- Dəqiq nəsə demək çətindir. Əsas odur ki, insan olsun. Gərək, bir-birimizi başa düşək. Yoxsa, mən belə deyəcəyəm, o elə, bununla iş olmaz. Gələcək həyat yoldaşım vətəninə, torpağına sadiq olmalıdır. İnşallah, London Yay Olimpiya Oyunlarından sonra onun kimliyi barədə məlumatınız olacaq. Hələ 2 il qalmış məsələni çox açıb-ağartmaq yaxşı hal deyil.

- Bir müddət öncə xoşagəlməz halla üzləşmişdiniz. Belə ki, avtoyuma məntəqəsindən "Mazda"nız qaçırılmışdı. Yenə belə yerlərə gedirsiniz?
- Yaxşı ki, maşınım 2 gündən sonra tapıldı. İndi də həmin "Mazda"nı sürürəm. O vaxt günahın bir hissəsi də məndə idi. Növbədə maşın olduğu üçün açarı yuyucuya verib, ordan uzaqlaşmışdım. Qayıdanda maşını orda görmədim. Açarı verməsəydim, bəlkə də maşınım qaçırılmayacaqdı. İndi də tez-tez avtoyuma məntəqəsinə gedirəm. Daha açarı onlara vermirəm, özümdə bərk-bərk saxlayıram. Heç bir problem də olmur…