Qran-Pridə ilk gün: 4 cüdoçumuz mübarizəni dayandırdı
07.05.2010 - 16:27
Qran-Pridə ilk gün: 4 cüdoçumuz mübarizəni dayandırdı
Bu gün Tunisdə cüdo üzrə Qran-Pri turniri start götürüb. Apasport.az saytının məlumatına görə, London-2012 Olimpiadasına lisenziya xalı verən yarışda 49 ölkədən 348 idmançı (222 kişi, 126 qadın) qatılıb.

Turnirdə 12 cüdoçu ilə mübarizə aparan komandamız üçün ilk gün uğursuz olub. Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev, Vüqar Şirinli (hər ikisi 60 kq), Ramil Qasımov və Tərlan Kərimov (hər ikisi 66 kq) məğlub olaraq, mübarizəni dayandırıblar. 4 cüdoçumuzdan yalnız Kərimov 1 mərhələ keçməyi bacarıb.

Qeyd edək ki, Qran-pri turniri mayın 9-da başa çatacaq.


60 kq
Bu çəkidə Azərbaycanı təmsil edən İlqar Müşkiyev ilk görüşündə gürcüstanlı Betkili Şukvani ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibinə cəmi 1 dəqiqə 5 saniyə müqavimət göstərib. İpponla məğlub olan Müşkiyev yarışda iştirakını dayandırıb.

60 kq çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz – Vüqar Şirinli də mübarizəni 1/16 final mərhələsində dayandırıb. Monqolustanlı Boldbaatar Çimed-Yondonla qüvvəsini sınayan cüdoçumuz 4 dəqiqə 20 saniyəyə ippona düşüb.

66 kq
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Ramil Qasımov ispaniyalı Sugio Uriarte ilə qarşılaşıb. Təmsilçimiz ilk görüşdəcə yuko fəndi ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Bu çəkidə ölkəmizi təmsil edən Tərlan Kərimov da yarışa ikinci mərhələdən qatılıb. O bu mərhələdə ev sahiblərinin çudoçusu Marouane Romdhanla (Tunis) tatamiyə çıxıb. Kərimov Qran-pridə 3 cudoçumuzun uğursuz çıxışından sonra komandamıza ilk qələbəni qazandırıb. Rəqibinə qalıb gəlmək üçün həmyerlimizə 1 dəqiqə 53 saniyə kifayət edib. İpponla növbəti mərhələyə çıxan Kərimovun 1/8 finalda rəqibi Serhiy Drebot (Ukrayna) olub. Təəssüf ki, cüdoçumuz bu mərhələdə zəif təsir bağışlayıb və məcburi “istirahətə” yollanıb.

Beləliklə, bu gün tatamiyə çıxan 4 cüdoçumuzun hamısı məğlub olublar.