Baş məşqçi heyətdə dəyişiklik etdi
08.05.2010 - 12:00
Baş məşqçi heyətdə dəyişiklik etdi
“Rəşad Əhmədov təlim-məşq toplanışında zədələnsə də, onu yığmanın heyətinə daxil etmişdik. Millinin aparıcı üzvünün yarış başlayana kimi sağalacağına inanırdıq. Lakin Əhmədov hələ də zədədən əziyyət çəkir. Bunun üçün onu İlkin Şahbazovla əvəz etmək qərarına gəldik”. Bu fikirləri apasport.az saytına açıqlamasında taekvondo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.

İmaməliyev bildirib ki, İlkin Şahbazov həmişə 74 kq çəki dərəcəsində qüvvəsini sınasa da, çəkisi 80 kq olan taekvondoçuların mübarizəsində də öz sözünü demək gücündədir: “İnanmıram ki, İlkin Şahbazov yuxarı çəkidə problemlə qarşılaşsın. Çünki onun çəkisi həmişə artıq olur və yarışqabağı çəki “atır”. Avropa çempionumuzun beynəlxalq arenalarda təcrübəsi də böyükdür. Düzdür, öz çəkisində Elvin Məmmədov onu heyətdən sıxışdırsa da, Şahbazovun çempionatda uğur qazanmasına ümid bəsləyirik. O, təlim-məşq toplanışında iştirak etdiyi üçün əla formadadır”.

Yığmamız yarışa sabah yola düşəcək.

Xatırladaq ki, mayın 12-14-də Sankt-Peterburq şəhərində keçiriləcək Avropa çempionatında Azərbaycanın idman şərəfini həmçinin Samir Aydinov (54 kq), Hi Sonq Li (58 kq), Ziya Qasımov (63 kq), Fariz Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (87 kq) və Təvəkkül Bayramov (+87 kq) qoruyacaqlar.