Elnur Məmmədlini “ippon”a salan idmançı danışdı - FOTO
10.05.2010 - 10:42
Elnur Məmmədlini “ippon”a salan idmançı danışdı - FOTO
“Olimpiya çempionuyam və mən bu titulu qorumaq üçün tatamiyə çıxmışdım. Sevindirici haldır ki, bunu da bacardım. Birinci görüşdə 73 kq çəki dərəcəsində son Olimpiya çempionu Elnur Məmmədlini, finalda isə olimpiya mükafatçısı braziliyalı Leandro Guilheironu məğlub etməklə, bu çəkidə ən güclü olduğumu sübut etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tunisdə keçirilən Qran-Pri yarışlarında 81 kq çəki dərəcəsində çempion adını qazanan Ole Bişof deyib.

81 kq çəki dərəcəsində Pekin-2008-də hamıdan güclü olan almaniyalı Bişof bildirib ki, braziliyalı rəqibi daha güclü təsir bağışlayıb: “Mən Leandro Guilheiro ilə tatamiyə çıxmaqda maraqlı idim. Son 2 Olimpiadada bürünclə kifayətlənən rəqiblə ilk dəfə üz-üzə gəldim. Həlledici görüşdə braziliyalı cüdoçu ilə döyüş çətin keçsə də, mən ona əks fəndlərlə qalib gələ bildim. Çünki o mənə qarşı həmişə işlətdiyi fəndləri etmək istəyirdi. Lakin yarışda uğurlu çıxış edərək, iki Olimpiya mükafatçısı ilə döyüşdə qələbə qazandım. Mən bununla da London-2012-yə vəsiqə uğrunda ilk addımımı atdım. Bunun üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, 73 kq çəki dərəcəsinda Olimpiya çempionumuz Elnur Məmmədli ilk dəfə çəkisi 81 kq olan cüdoçuların mübarizəsində qüvvəsini sınayıb və Ole Bişofa ipponla uduzub.