Bu gün 4 taekvondoçumuz Avropa çempionatında mübarizəyə başlayır
13.05.2010 - 12:27
Bu gün 4 taekvondoçumuz Avropa çempionatında mübarizəyə başlayır
Taekvondo üzrə Sankt-Peterburqda keçirilən Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 8 kişi və 5 qadın idmançı ilə təmsil olunduğumuz yarışda bu gün 4 taekvondoçumuz tatamiyə çıxacaq.
Ələkbər İmaməliyevin rəhbərlik etdiyi kişilərdən ibarət yağmamızın heyətində 63 kq çəki dərəcəsində mübarizə aparacaq Ziya Qasımov avstriyalı Əziz Açmetovla üz-üzə gələcək. 68 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Fariz Əliyev ilk görüşünü Joze Fernandesə (Portuqaliya) qarşı keçirəcək.

Qadın taekvondoçuların mübarizəsində 53 kq-da qüvvəsini sınayacaq Arzu Bağırova yarışa ikinci mərhələdən qoşulacaq. O, bu mərhələdə Nina Deretic (Bosniya) və Katsiarina Lis (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. 57 kq çəkidə çıxış edəcək koreyalı idmançımız Seunqmi Li isə Özlem Ulasla (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, çempionatın ilk günündə Samir Aydınov (54) Moti Luqasiyə (İsrail), Vasif Qurbanov (58) isə Uno Şanlıya (İsveç) məğlub olaraq mübarizəni dayandırıb. Niyaməddin Paşayevin yetirmələrindən Xəyalə Quliyeva (46 kq) və Aygül Abdullayeva (49 kq) da medalçılar sırasına düşə bilməyiblər. Onlar müvafiq olaraq, Stavroulla İosifaki (Kipr) və Brigida Yaqueyə (İspaniya) uduzublar.