Yoahim Löv: 3:0 hesablı qələbə azdır
14.05.2010 - 09:34
Yoahim Löv: 3:0 hesablı qələbə azdır
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının final mərhələsinə hazırlığa start verən Bundestim zəif Malta futbolçuları ilə qarşılaşıb. Üçqat dünya çempionları bu görüşdə böyük hesablı qələbə qazanıblar – 3:0. Almanların qələbəsində iki qola imza atan Kakau ilə yanaşı, öz qapısına qol vuran Skikluna da pay sahibi olub.

Lakin Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yetirmələrinin az qol vurmasından narazı qalıb: “Hesab oyuna görə olmadı. Biz daha çox qol vurmalı idik. Əlbəttə ki, pis oynamadıq və bəzi imkanları qola çevirdik. Bu yaxşıdır. Lakin daha çox vəziyyətlərdə fərqlənmək şansını boşa verdik. Dünya çempionatına hələ 4 həftə qaldığından tam heyətlə deyildik. Bu da öz təsirini göstərdi. Yalnız son iki həftədə bütün oyunçularımı sərəncamımda görə biləcəyəm”.

Qeyd edək ki, Almaniya kimi Malta da yığmamızın rəqiblərindəndir. Bundestimlə Avro-2012-nin seçmə mərhələsində 2 dəfə qarşılaşacağıqsa, cırtdan ölkə təmsilçisi ilə bu il noyabrın 17-də səfərdə, gələn il avqustun 10-da Bakıda görüşəcəyik.