Cüdoçuların reytinq cədvəli və lisenziya xalları açıqlandı
07.09.2010 - 10:21
Cüdoçuların reytinq cədvəli və lisenziya xalları açıqlandı
Beynəlxalq Cüdo Federasiyası sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Yaponiyada keçiriləcək dünya çempionatı ərəfəsində açıqlanan yeni siyahıda Azərbaycan cüdoçularından ən yüksək pillədə Elxan Məmmədov qərarlaşıb. 91 kq idmançılar arasında 5-ci olan həmyerlimiz 628 lisenziya xalına malikdir.

Ondan sonra Tərlan Kərimov (66 kq) öz çəkisində güclülərdən hesab olunur. 15-ci yeri tutan cüdoçumuz lisenziya yarışlarında 300 xal toplayıb. Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən Elxan Rəcəbli və Elnur Məmmədli müvafiq olaraq 25 və 51-ci pillələrdə yer alıblar. Lisenziya xallarında da Rəcəbli Olimpiya çempionumuzdan öndədir. Onun aktivində 322, Məmmədlinin aktivində isə 108 xalı var.

Ağır çəkili cüdoçuların mübarizəsində Olimpiya mükafatçımız Mövlud Mirəliyev də aşağı yerdə qərarlaşıb. 100 kq çəki dərəcəsində gənc Elmar Qasımov onu 54 pillə qabaqlayaraq 42-ci yeri tutur. Qasımov 140, Mirəliyev 24 lisenziya xalı yığıb.

Qadın cüdoçuların yarışında London-2012-yə lisenziya qazanmağa iddialı olan Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) müvafiq olaraq öz çəkilərində 34 və 42-ci yerlərdə qərarlaşıblar. Qasımovanın 152, Yusubovanın isə 120 lisenziya xalı var.