“Neftçi”nin futbolçuları ermənilərə uduzmadılar
08.09.2010 - 09:35
“Neftçi”nin futbolçuları ermənilərə uduzmadılar
Azərbaycan milli çempionatında oynayan legionerlər Avro-2012-nin seçmə mərhələsində II turun iştirakçısı olublar. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Bakının “İnter” klubunun heyətində Azərbaycan çempionu olan Robertas Poşkus tarixi qələbədə iştirak edib. Təcrübəli hücumçu yenə ikinci hissənin ortasında meydana daxil olub. “Neftçi”nin qapıçısı Paulius Qribauskas bu dəfə də şans qazanmayıb. Çexiya yığmasının lideri, “Qalatasaray”ın hücumçusu Milan Baroş 40-cı dəqiqədə penalti zərbəsi ilə bərabərlik topunu vurmağa yaxın olsa da, buna nail ola bilməyib.

“Neftçi”nin bu yayda transfer etdiyi İqor Mitreski ilə Slavço Georgiyevski bu dəfə də əsas heyətdə yer alıblar. Slavçonu “Inter”in son transferi olan Filip Despotovski əvəzləyib. Makedoniyalılar bədnam qonşularımızla ev oyununda iki dəfə hesabda geri düşsələr də, sonda bir xal qazana biliblər.

“Qarabağ”ın yayda heyətində cəlb etdiyi Ansi Aqolli ardıcıl ikinci tur 90 dəqiqə oynaması, onun komanda yoldaşı Admir Teli isə ehtiyatda qalması ilə yadda qaldı. Hələ ki məğlubiyyət acısı dadmayan albanlar qrup lideridir. “Bakı”nın müdafiəçiləri Aleksey Savinovla Vadim Boretsin ehtiyatda qalmalarını gözlənilməz saymaq olar. Moldovalılar cari seçmə mərhələdə ilk məğlubiyyətini Macarıstanda aldılar. “Qarabağ”ın yarımmüdafiəçisi Andrey Rubin ikinci oyunda əsas heyətdə meydana daxil olsa da, “İnter”in hücumçusu Girts Karlsons bu dəfə belə şans əldə etməyib. O, ikinci hissədə məhz Rubini əvəzləyib. Latviyalılar evdə böyük hesablı məğlubiyyətdən sonra səfərdə ilk qələbəsini Malta üzərində qazanıb.

Unibank Premyer Liqasında oynayan legionerlər Avro-2012-nin seçmə mərhələ oyunlarında

Makedoniya – Ermənistan – 2:2
Meydan sahiblərindən İqor Mitreski (“Neftçi”) 90, Slavço Georgiyevski (“Neftçi”) ilk 67 dəqiqə oynayıb, onu Filip Despotovski (“İnter”) əvəzləyib.

Albaniya – Lüksemburq – 1:0
Meydan sahiblərindən Ansi Aqolli (“Qarabağ”) 90 dəqiqə meydanda olub, Admir Teli (“Qarabağ”) ehtiyatda qalıb.

Macarıstan – Moldova – 2:1
Qonaqların heyətində yer alan “Bakı”nın müdafiəçiləri Aleksey Savinovla Vadim Borets (hər ikisi “Bakı”) ehtiyatda qalıb.

Malta – Latviya – 0:2
Qonaqlardan Andrey Rubin (“Qarabağ”) ilk 70 dəqiqədə oynayıb, Girts Karlsons (“İnter”) onu əvəzləyib.

Çexiya – Litva – 0:1
Qonaqlardan Robertas Poşkus (“İnter”) 65-ci dəqiqədə oyuna girib, qapıçısı Paulius Qribauskas (“Neftçi”) yenə ehtiyatda qalıb.