“Çalışacağıq ki, beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edək”
16.09.2010 - 14:27
“Çalışacağıq ki, beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edək”
Kikboksinq üzrə Azərbaycan milli komandasının rəisi Sadıx Bağırovun apasport.az saytına müsahibəsi

- Əvvəlcə Pekində keçirilən “Döyüş Oyunları-2010” barədə məlumat verərdiniz...
- Avqustun 27-dən sentyabrın 4-dək Çinin paytaxtı Pekində “Döyüş Oyunları-2010” adlı yarış keçirildi. Bu yarış “Sport Accord” və Pekin Olimpiya Komitəsi ilə birlikdə Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyi altında təşkil edilib. Kikboksinq üzrə döyüşlər Pekindəki “National Olympic Sport Center Gymnasium”da keçirildi. Döyüş növləri üzrə 13 beynəlxalq federasiyanın (Aykido, Karate, Cüdo, Ciu-Citsu, Kendo, Sambo, Güləş, Kikboksinq, Taekvando, Uşu, Muay-Tay, Boks və Sumo) bayrağı altında ötən il keçirilmiş dünya və Avropa çempionatlarında lisenziya qazanmış 105 ölkədən 2055 idmançı bu yarışda öz gücünü sınayıb.

- “Döyüş Oyunları-2010”da əsasən hansı növdə döyüşürdülər?
- Kikboksinqin loukik növündə ötən il Avstriyada keçirilən WAKO versiyası üzrə dünya çempionatında 63.5, 67, 71, 75 və 81 kq çəki dərəcələri üzrə I, II və III yeri tutmuş idmançılar vəsiqə qazanıblar. Ümumilikdə isə “Döyüş Oyunları-2010”da kikboksinqin WAKO versiyası üzrə Loukik, ful-kontakt və semi-kontakt üsullarında döyüşlər keçirilib.

- Azərbaycanı “Döyüş Oyunları-2010” hansı idmançılar təmsil ediblər?
- Ötən il Avstriyanın Villax şəhərində kikboksinq WAKO versiyası üzrə keçirilən dünya çempionatında lisenziya qazanmış kikboksinq üzrə yığma komandamızın üzvləri təmsil edirdilər. Onlardan dünya çempionu Pərviz Abdullayev 71 kq çəki dərəcəsində loukik üslubunda, dünya çempionatının mükafatçısı Kənan Sadıxov 75 kq döyüşüb. İdmançıları yarışa mənimlə yanaşı, “Sərhədçi” İdman Mərkəzinin baş məşqçisi Fuad Zeynalov hazırlayıb.

- Zədə və ya başqa səbəbdən yarışda iştirak etməyən idmançımız olubmu?
- Bu yarışda milli komandamızın kapitanı Ehram Məcidov da iştirak etməli idi. Daha doğrusu o, ötən il keçirilən dünya çempionatında “Döyüş Oyunları-2010”a vəsiqə qazanıb. Ancaq respublika çempionatında Məcidovun sol ayağı sındığından, idmançı Pekinə aparılmayıb.

- İdmançılarımız hansı nəticələrə imza atdılar?
- 71 kq çəki dərəcəsində döyüşən Pərviz Abdullayev yarımfinalda polşalı Tomas Mordarskini məğlub edərək finala vəsiqə qazanıb. Həlledici döyüşdə Rusiya idmançısı Vladimir Tarasovla qarşılaşan döyüşçümüz yüksək peşəkarlıq nümayiş etdirib. Ustalıq və psixoloji hazırlıq baxımından rəqibi üstələyən idmançımız rəqibinə heç bir şans verməyib. Bununla da Abdullayev “Döyüş Oyunları-2010” ümumdünya döyüş oyunlarının qızıl medalını qazanıb. Digər idmançımız -75 kq mübarizə aparan Kənan Sadıxov isə yarımfinal döyüşündə fransalı Karim Ghajji ilə üz-üzə gəlib. Döyüş zamanı sol ayağını zədələnən Sadıxov sona qədər mübarizə aparsa da, məğlub olub. Üçüncü yer uğrunda döyüşdə idmançımız Türkmənistan döyüşçüsü ilə gücünü sınamalı idi. Ancaq rəqib döyüşə çıxmaqdan imtina etdiyinə görə, Kənan bürünc medala sahib olub.

- Yeri gəlmişkən, idmançılarımızın yarışa hazırlaşması üçün lazımi şərait yaradılmışdımı?
- “Döyüş Oyunları-2010”nun hazırlığına ötən ildən başlamışdıq. Azərbaycan Kikboksinq Federasiyası komandanın normal hazırlaşması üçün lazımi şərait yaratmışdı. Bu səbəbdən də çalışacağıq ki, beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edək.
0