Ağırlıqqaldıranlarımız dünya çempionatında mübarizəyə başlayır
16.09.2010 - 18:10
Ağırlıqqaldıranlarımız dünya çempionatında mübarizəyə başlayır
Sabah Türkiyənin Antalya şəhərində ağırlıqqaldırma üzrə dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, London Olimpiadasına lisenziya xarakterli yarışda Azərbaycan 10 atletlə təmsil olunacaq.

Kişi atletlərin mübarizəsində Elmar Alıyev (56 kq), Əfqan Bayramov, Sərdar Həsənov (hər ikisi 69 kq), Turan Mirzəyev (77 kq), Nailxan Nəbiyev (85 kq), İntiqam Zairov (94 kq), Əlibəy Səmədov və Tornike Kokaya (hər ikisi 105 kq) ölkəmizin himnini səsləndirməyə çalışacaqlar.

Qadınların yarışında isə Azərbaycanın idman şərəfini milliləşdirilmiş legionerlərimiz - Silviya Angelova (48 kq) və Rumyana Petkova (75 kq) qoruyacaqlar. Antalyaya baş məşqçi Məmməd Üseynovun rəhbərliyi altında yollanan Angelova sentyabrın 17-də, Petkova isə 23-də ilk imtahanlara çıxacaqlar.

Yanko Rusevin yetirmələrində isə öncə - sentyabrın 17-də podiuma Alıyev çıxacaq. Ondan 3 gün sonra Bayramov və Həsənov nəyə qadir olduğunu nümayiş etdirəcək. Sentyabrın 22-də Mirzəyev, 23-də Nəbiyev mübarizəyə qoşulacaqlar. Kokaya, Səmədov və Zairov isə 1 gün sonra qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, sentyabrın 26-da başa çatacaq dünya çempionatında 81 ölkədən 563 (218 qadın, 345 kişi) idmançı mübarizə aparacaq.
0