İrina Viner: Budur, indi mən əsl Aliyə Qarayevanı görürəm
22.09.2010 - 14:31
İrina Viner: Budur, indi mən əsl Aliyə Qarayevanı görürəm
“Mən səhvlərə yol verdiyimi başa düşürəm. Ola bilsin, həmin səhvləri tamaşaçılar görə bilməsinlər. Məşqlərdə həmişə yarışlardakı iştirakdan fərqli çıxış nümayiş etdirirsən”. Apasport.az saytının məlumatına görə, bu sözləri bədii gimnastika üzrə Azərbaycan yığmasının lideri Aliyə Qarayeva deyib.

Rusiyanın paytaxtı Moskvanın Olimpiya idman kompleksində dünya çempionatının ip və halqa ilə final yarışları yekunlaşıb. Bu mərhələdə Azərbaycanı təmsil edən Aliyə Qarayeva hər iki növdə çıxış edərək halqa ilə hərəkətlərdə mundialın bürünc medalına sahib olub. O, dünya çempionatındakı çıxışından bəzi xırda səhvlər istisna olmaqla razı qalıb: “Moskvadakı dünya çempionatında halqa ilə hərəkətlərdə bürünc mükafat əldə etdiyimə görə məmnunam”.

Qeyd edək ki, halqa ilə hərəkətlərdə 27.650 xal toplayaraq üçüncü yerə layiq görülən Qarayevanın çıxışına Ümumrusiya Gimnastika Federasiyasının rəhbəri İrina Viner də münasibət bildirib. O, “Budur, indi mən əsl Aliyə Qarayevanı görürəm” deyərək Azərbaycan gimnastının çıxışını yüksək qiymətləndirib.
0