Yığmalarımız Venesuela və Slovakiya ilə qarşılaşacaq
24.09.2010 - 00:26
Yığmalarımız Venesuela və Slovakiya ilə qarşılaşacaq
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya şahmat olimpiadasında bu gün keçiriləcək IV turun cütləri məlum olub. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmalarının da rəqibləri müəyyənləşib.

İlk 3 turdan sonra turnir cədvəlinin 33-cü pilləsində qərarlaşan kişilərdən ibarət millimiz bu dəfə Venesuela ilə görüşəcək. Hazırda 54-cü yerdə qərarlaşan cənubi amerikalılar əvvəlki oyunlarda Kamerun (4:0), Rusiya-2 (0,5:3,5) və Qvatemala (3,5:0,5) ilə qarşılaşıblar. Orta reytinqi 2429 olan rəqibimiz bu göstəricidə olimpiadanın 64-cü komandasıdır. Onların şərəfini Eduardo İturrizaqa (2609), Yohan Alvares Markes (2414), Oliver Soto Paes (2373), Dumit Semerene (2318) və Uiston Boada (2270) qoruyurlar.

Xanımlardan ibarət yığmamız isə 3 oyundan sonra 23-cü pillədə qərarlaşıb. Onların növbəti rəqibi Slovakiya yığmasıdır. Əvvəlki turlarda Malayziya və Avstraliyanı eyni hesabla (4:0) məğlub edən rəqibimzi sonra Rusiya-1 qarşısında aciz qalıb – 0,5:3,5. Hazırda turnir cədvəlində 43-cü olan slovakiyalıların heyəti kifayət qədər güclüdür. Orta reytinqi 2349 olan rəqibimiz bu göstəricidə yarışın 15-ci komandasıdır. Slovakiyalılar Rusiyaya Yeva Repkova (2447), Regina Pokorna (2370), Yuliya Koçetkova (2327), Alyona Mrvova (2253) və Veronika Maçalova (2229) ilə gəliblər.

Qeyd edək ki, 3 turdan sonra kişilər arasında Rusiya-2, qadınlarda isə Ukrayna yığması liderlik edir.
0