Almaniyalı məşqçi milli komandamıza rəqib olmağa hazırdır
22.01.2011 - 14:11
Almaniyalı məşqçi milli komandamıza rəqib olmağa hazırdır
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində rəqibi olan Qazaxıstan yığmasında baş məşqçi postu vakant olaraq qalır. Apasport.az saytının məlumatına görə, qazax həmkarlarımız bu vəzifəyə əsas namizəd olan almaniyalı Xolqer Faxın təyinatının reallaşması perspektivini araşdırıb. Belə ki, Azərbaycan və Rusiya mətbuatında Qazaxıstan yığmasının baş məşqçisi postu ətrafında məhz Astananın “Lokomotiv” klubunu çalışdıran Faxın adı hallanır.

Yaxında isə internetdə belə informasiya yer alıb ki, guya bu mütəxəssisin şəxsi müqaviləsinin şərtləri ilə bağlı yüksək tələbləri üzündən heç bir şansı yoxdur. Bununla əlaqədar qazax həmkarlarımız Faxın agentləri ilə əlaqə saxlayıblar. “Goal2Career” futbol agentliyinin işçilərinin sözlərinə görə, müştəriləri olan Fax Qazaxıstan Futbol Federasiyasından (QFF) yığmaya rəhbərlik etməklə bağlı heç bir rəsmi təklif almayıb. Hərçənd mütəxəssis QFF-ın bu təklifini nəzərdən keçirməyə hazırdır. Fax bu zaman maddi tərəflərin onun üçün ön planda durmadığını bildirib.