Elxan Muradov mundialda gümüş medal qazandı
27.01.2011 - 09:56
Elxan Muradov mundialda gümüş medal qazandı
Yeni Zelandiyanın Kristçerç şəhərində keçirilən paralimpiyaçı idmançılar arasında atletika üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması 4 gün sonra daha bir uğura imza atıblar. Belə ki, Elxan Muradov 100 metr məsafəyə qaçışda 11,26 saniyə nəticə göstərərək, gümüş medala sahib olub. O, çempion adını qazanan Mateusz Miçalskidən (Polşa) cəmi 0,21 saniyə geri qalıb. Digər sprinterimiz - Rza Osmanov isə həmin məsafəni 11,52 saniyəyə qət edərək 4-cü yeri tutub.

Diskatma yarışlarında mübarizəyə qoşulan Oloxan Musayev çempionatı 6-cı yerdə (12 metr 54 santimetr) başa vurub.
Çempionata sabah yekun vurulacaq.

Xatırladaq ki, London-2012 Yay Paralimpiya Oyunlarına lisenziya xalları verən yarışın ilk günündə Oleq Panyutin qızıl, Hüseyn Həsənov isə bürünc medal qazanmışdılar.