“Astana qurdları” Bakıya iddialı gəlib - FOTO
04.02.2011 - 16:55
“Astana qurdları” Bakıya iddialı gəlib - FOTO
“Baku Fires” boks klubu WSB liqasında növbəti döyüşünü fevralın 5-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Astana Arlans” komandasına qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, bu gün bununla bağlı hər iki klubun nümayəndələri və boksçularının iştirakı ilə mətbuat konfransı keçirilib.

Əvvəlcə mətbuat nümayəndələrini salamlayan WSB liqasının supervayzeri Franko Falçinelli sabahkı görüşün böyük maraq doğurduğunu deyib. O, hakimlərin döyüşləri obyektiv idarə edəcəyinə və güclülərin qalib gələcəyinə ümidvar olduğunu bildirib. “Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev komandanın yeni baş məşqçisi – Həmzət Ağayevi jurnalistlərə təqdim edib.

Hər iki komandanın boksçuları WSB liqasının supervayzerinin müşayiəti ilə çəki prosesini başa vurduqdan sonra jurnalistlərin suallarını cavablandırıblar. “Baku Fires”in yeni baş məşqçisi Həmzət Ağayev liderliyi qorumaq üçün əllərindən gələni edəcəyini bildirib: “Sabah bizi yenə də çətin görüş gözləyir. Baxmayaraq ki, buna qədər 2 dəfə bu rəqibi məğlub etmişik. Amma hər dəfə döyüş çox çətin alınıb. İnanıram ki, sabah arenaya gələcək azarkeşləri sevindirə biləcəyik”.

“Astana Arlans” klubunun baş meneceri Bolat Mankenov revanş arzusunda olduqlarını vurğulayıb: “İki dəfə “Baku Fires”ə uduzmağımıza baxmayaraq, nəhayət ki, bu komanda ilə döyüşdən üzüağ çıxacağımıza inanıram. “Astana Arlans” qazax dilində “Astana qurdları” anlamına gəlir. Qurdlar isə həmişə çətin vəziyyətdən çıxmağı bacarırlar”.
WSB liqasında şəxsi reytinqdə 1-ci yeri tutan ən ağır çəkili boksçumuz – Məhəmmədrəsul Məcidov bu dəfə də qələbə seriyasını qorumağa çalışacağını bildirib. Onun bu dəfəki rəqibi – Sərdor Abdullayev Məcidovdan 13 kq ağırdır. Özbəkistanlı boksçunun boyu isə 2 metrdir.
“Baku Fires”in baş meneceri Rizvan Gənciyev hələ pley-off mərhələsi barədə düşünmədiklərini, yalnız qrup mərhələsi yekunlaşdıqdan sonra bu məsələ haqda fikirləşəcəklərini söyləyib.

Beləliklə, fevralın 5-i saat 19-da başlayacaq döyüşdə bu idmançılar üz-üzə gələcəklər:

54 kq.
Tuqstsogt Nayambayar (Baku Fires) – Mirjan Rəhimcanov

61 kq
Koba Pxakadze – Yerjan Mussafirov

73 kq
Soltan Migitinov – Salyam Kanat

85 kq
Rizvan Əlimuradov – Marat Moldageyev

91+kq
Məhəmmədrəsul Məcidov – Sərdor Abdullayev