Yığmamız İrana yollanır
14.02.2011 - 18:35
Yığmamız İrana yollanır
Taekvondo üzrə Azərbaycan yığması İranın Urmiya şəhərində ənənəvi “Fəcr” turnirində iştirak edəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, fevralın 24-25-də keçiriləcək sayca 23-cü yarışda 16 idmançımız qüvvəsini sınayaq.

Əsas heyətin bir neçə üzvündən Vüsal Məmmədov, Elxan İsayev (hər ikisi 54 kq), Rövşən Məmmədov, Ziya Qasımov (hər ikisi 63 kq), Sənan Əsədzadə, Namaz Heydərov (hər ikisi 74 kq), Təvəkkül Bayramov və Ceyhun Həsənli (hər ikisi 87 kq) turnirin ilk günü mübarizə aparacaq. Vüqar Kərimov, Samir Cavadlı (hər ikisi 58 kq), İlkin Şahbazov, Səbuhi İsmayılzadə, Daşqın Hacıyev (hər üçü 68 kq), Bayraməli Vəliyev, Rəşad Əhmədov (hər ikisi 80 kq) və Elman Əliyev (+87 kq) isə ertəsi gün tatamiyə çıxacaqlar.

Beynəlxalq yarış taekvondoçularımız üçün əsasən mayda Koreyada keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, baş məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi altında yarışa hazırlaşan milli komandamız fevralın 20-də səfərə yola düşəcək və 6 gün İranda olacaq. Beynəlxalq dərəcəli hakimimiz Etibar İbrahimov isə “Fəcr” turnirində ədaləti qoruyacaq.