Əli İsmayılov: Bu, ən çətin mərhələdir
07.03.2011 - 13:28
Əli İsmayılov: Bu, ən çətin mərhələdir
Peşəkar boksçumuz Əli İsmayılov polşalı Dmitri Suxotski ilə keçirəcəyi döyüşün ilkin hazırlığını yekunlaşdırıb. Bu barədə məlumatı apasport.az saytına idmançının özü verib.

İsmayılov bildirib ki, Bakıda fiziki və texniki məşqləri başa çatdığından martın 9-da Rusiyaya yollanacaq: “Artıq təlim-məşq toplanışımın I mərhələsini bitirmişəm. Bunun üçün Rusiyaya gedəcəyəm. Burada isə əsas hazırlıq başlayacaq. Orada 15 gün məşq keçəcəyəm. Bu, ən çətin mərhələdir. Çünki Rusiyadan birbaşa Polşaya yollanacağam. Promouterumlə dünən danışmışam və o, deyib ki, artıq yoxlama görüşü keçirmək üçün 15 rəqib tapıb”.

Boksçumuz Suxotskinin hələlik 2 döyüşünü izləyib. Əlinin sözlərinə görə, rəqib barədə bu görüşlərdə kifayət qədər məlumat toplayıb: “Dmitrinin internet vasitəsilə döyüşlərini izləmişəm. Bununla da onun güclü və zəif nöqtələrini müəyyənləşdirmişəm. Ancaq promouterumdə də onun son 3 görüşünün də diskləri var. Bunun üçün Rusiyada onun taktikasının əksinə işləyəcəyəm. Sınaqçı rəqiblərimdə Suxotskiyə uyğun – hündürboydurlar. Fikrimcə, son hazırlıqda pik formamı yığacağam. Çünki Polşada yalnız qələbə barədə fikirləşəcəyəm”.

Qeyd edək ki, İsmayılovun döyüşünün vaxtında dəyişiklik edilib. Martın 11-də keçirilməli olan görüş 10 arxaya – martın 21-nə çəkilib. İBO versiyası üzrə olacaq döyüşün qalibi isə 12 raunddun yekununda müəyyənləşəcək.