Elnur Məmmədli ilk dəfə “Top-10”da
10.03.2011 - 12:13
Elnur Məmmədli ilk dəfə “Top-10”da
Beynəlxalq Cüdo Federasiyası Polşanın paytaxtı Varşavada keçirilən Dünya kubokunun yekunlarına əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yarışda II heyətlə çıxış edən və medal qazana bilməyən Azərbaycan yığmasının uğursuz çıxışı yeni siyahıda cəmi 2 idmançımızın irəliləməsi ilə nəticələnib.

Belə ki, millimizin üzvlərindən reytinq cədvəlində Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) və İlqar Müşkiyev mövqelərini yaxşılaşdırıblar. Onların lisenziya xalları (688, 322) dəyişməz qalsa da, rəqiblərinin geriləməsi səbəbindən müvafiq olaraq, 1 və 2 pillə irəliləyiblər. Nəticədə Məmmədli yeni çəkisində ilk dəfə 10-cu pilləyə yüksəlib. Müşkiyev isə 23-cü yerə qalxıb.

Komanda yoldaşlarından fərqli, Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovanın (63 kq) mövqelərində dəyişiklik olmayıb. Cüdoçularımız yeni siyahıda ardıcıl olaraq, 31-ci, 4-cü, 20-ci və 23-cü pillələrdə yer alıblar.

Milli komandamızın üzvlərindən Tərlan Kərimov (66 kq) və Elmar Qasımov (100 kq) isə geriləyiblər. Onların hər ikisi 2 rəqibini irəli buraxıblar. Nəticədə Kərimov 18-ci, Qasımov 27-ci pillənin sahibinə çevriliblər.

Qeyd edək ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.