Ramil Quliyev “qara siyahı”ya salındı
16.03.2011 - 13:38
Ramil Quliyev “qara siyahı”ya salındı
Azərbaycanlı sprinter Ramil Quliyev Türkiyə vətəndaşlığını qəbul etsə də, onun “ay-ulduzlu” formanı geyinməsi sual altına düşüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Avropanın ən perspektivli atletlərindən sayılan həmyerlimizin dünya çempionatına və ya London Yay Olimpiya Oyunlarına qatılması yalnız xüsusi icazə əsasında mümkün olacaq.

Buna Azərbaycan Atletika Federasiyasının (İAAF) Beynəlxalq Atletika Federasiyasına (İAAF) şikayət etməsi və idmançının “qara siyahıya” salınması səbəb olub: “Azərbaycan tərəfi Quliyevi 2010-cu ildə Avropa çempionatına və 2011-ci ildə zalda keçirilən qitə birinciliyində milli komandaya çağırıblar. Lakin idmançı yığmanın düşərgəsinə yollanmadığından, onlar beynəlxalq quruma şikayət ediblər. Bunun üçün Ramilə xüsusi icazə lazımdır. Əks halda, atlet yalnız “Fənərbaxça”nın formasında beynəlxalq şəxsi yarışlarda iştirak edə biləcək. Çünki Türkiyə vətəndaşlığını qəbul edən Quliyevin adı ölkəsində “qara siyahıya” salınıb”.

Quliyevin şərəfini qoruduğu “Fənərbaxça” komandasının rəsmisi Fikrət Çətinqaya isə üzərlərinə düşən işin öhdəsindən uğurla gəldiklərini bildirib. Onun sözlərinə görə, Ramilin milli komandada debütü isə artıq 2 federasiya rəsmiləri arasında həll olunacaq məsələdir: “Həllini tapan bütün məsələlər sprinterin öz istəyi ilə bu iş baş tutdu. Onun ölkəmizdə rahat yaşaması üçün yeni evə köçürdük. Ardınca anası və uzun illər çalışdığı rusiyalı məşqçini də onun yanana gətirdik. İdmançı, onun hazırlığına cavabdehlik daşıyan mütəxəssis üçün maaş təyin etdik. Ən əsası özünün 5 aydır səbirsizliklə gözlədiyi vətəndaşlıq məsələsini də yoluna qoyduq. Artıq onun Türkiyə yığmasının adından çıxış etməsi isə federasiyanın əlindədir. Quliyevin dünya çempionatında və London Olimpiadasında ölkəmizin şərəfini qoruması isə Türkiyə və Azərbaycan atletika federasiyaları arasında olacaq görüşlərdən asılıdır”.

Qeyd edək ki, Ramil Quliyev qaydalara əsasən 3 il “ay-ulduzlu” formanı geyinə bilməz.