“Mançester Siti”nin futbolçusu Azərbaycanla oyuna buraxılmadı
26.03.2011 - 18:09
“Mançester Siti”nin futbolçusu Azərbaycanla oyuna buraxılmadı
Belçika yığması 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə rəsmi oyun öncəsi heyətlə bağlı daha bir problemlə üzləşib. Apasport.az saytının Brüsselə ezam olunmuş müxbirinin məlumatına görə, zədə üzündən bir sıra aparıcı futbolçuları xidmətindən məhrum olan baş məşqçi Jorj Leekens “Mançester Siti” klubunun müdafiəçisi Vensan Kompanini də oynada bilməyəcək. Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir. Kompani Avstriya yığmasına səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunda cari seçmə mərhələdə 2-ci sarı vərəqəsini alıb. Bu isə onun martın 29-da cəza üzündən millimizə qarşı oynaya bilməyəcəyi deməkdir.
Qeyd edək ki, Kompani Belçikanın “Anderlext” klubunda çıxış etdiyi vaxtda bizə qarşı oynayıb. Bu 2005-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə görüşlər olub.