Brüsselə 8 saatlıq yol
27.03.2011 - 00:00
Brüsselə 8 saatlıq yol
2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 29-da keçiriləcək Belçika – Azərbaycan oyununu işıqlandırmağa ezam olunan azərbaycanlı jurnalistlər dünən səhər saatlarında Brüsselə yollanıb. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, millimizin ardınca media işçiləri də mənzil başına çatıblar.

8 nəfərdən ibarət mətbuat nümayəndələri Belçika paytaxtına çatmaq üçün 8 saatlıq yol qət ediblər. Özü də Bakıdan Brüsselə birbaşa hava reysi olmadığından, bura Türkiyədən gəlməli olduq. “Türk Hava Yolları” şirkətinə məxsus təyyarələr əvvəlcə bizi Bakıdan İstanbula, oradan isə Brüsselə çatdırdı.

Onu qeyd edək ki, nümayəndə heyəti təkcə bəndəniz və həmkarlarımdan ibarət deyildi. AFFA rəsmiləri – İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu, Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, İcraiyyə Komitəsinin rəhbər müavini, Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadovla birgə səfərə çıxmışdıq.

Son iki rəsmi şəxs bizimlə birgə üç ulduzlu “Best Western Sity Centre” otelində qalır ki, bura millimizin qaldığı məkandan xeyli uzaqdır. Brüsseldə havanın temperaturu 10-15 dərəcə arasındadır. Yəni indi əsl futbol havası olsa da, oyun günü yağış yağacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Brüsseldəki görüş Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Mehman SÜLEYMANOV