Rəşad Sadıqov azarkeşlərdən üzr istədi
30.03.2011 - 01:25
Rəşad Sadıqov azarkeşlərdən üzr istədi
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun Belçikaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibəsi

- İlk olaraq oyun haqda fikirlərinizi öyrənmək istərdik...
- Nəticəyə hamımız inanmışdıq. Rəqib güclü olsa da, burdan yaxşı nəticə ilə ayrıla biləcəyimizə inanırdıq. Oyunumuz hesab 1:1 olana kimi yaxşı gedirdi. Ancaq qapımıza təyin edilən penalti, arxasınca ilk hissənin uzatma dəqiqəsində buraxdığımız qol oyunun taleyini həll etdi. Elə-belə səhvlərdən qol buraxdıq. Belə rəqiblərlə başabaş oynamaq, nəticə qazanmaq istəyirsənsə, gərək belə qollar buraxmayasan. Ancaq təəssüflər olsun ki, belə səhvlərə buraxdıq. Buraxdığımız qollara baxsaq, bunlar çətin deyildi. Bəlkə 3-ü qolu fərqləndirmək olar. Ancaq qalan qollar asan idi. Biri sıçrayan top, biri penalti. Penalti epizodunda hakim dərhal fitini səsləndirmədi, mübarizəyə imkan verdi. Diqqət baxsanız, görərsiniz ki, rəqib qolu vura bilmir, biz boş qapıdan top çıxardırıq. Üstündən keçəndən sonra baş hakim penalti nöqtəsini göstərir. Fikrimcə, ilk qolda da cərimə zərbəsi yox idi. Ancaq baş hakim bunu təyin etdi və həmin epizod qolla nəticələndi. Başqa belə epizodlar da vardı. Mən Belçika yığmasının qələbəsinə kölgə salmaq istəmirəm. Ancaq elə epizodlar oldu ki, onda hakimin təsiri oldu.

- Sizcə, hakimlik nəticəyə çoxmu təsir etdi?
- Ümumiyyətlə, mən həmişə belə beynəlxalq səviyyəli oyunlarda obyektiv hakimlik görmüşəm. Yalnız 2007-ci ildə səfərdə Finlandiya yığmasına 1:2 hesabı ilə uduzduğumuz rəsmi oyunda 2-ci qolda hakim səhvi olmuşdu. Yəni rəqibin qayda pozuntusu etdiyi halda, baş hakim bunu qərar verməmişdi. Ancaq başqa səhv epizodlarla rastlaşmamışdım. Belçika ilə oyunda hər mübarizə epizodunda baş hakim onların tərəfində idi. Yenə deyirəm ki, hər şeyi hakimin boynuna yıxmaq istəmirəm. Ancaq bu da oyunumuza, bəzi epizodlara çox təsir göstərdi.

- Sizə elə gəlmir ki, komanda oyuna çıxanda siz və adını açıqlamaq istəmədiyimiz 2 futbolçunu çıxmaq şərti ilə hamının həyəcanı hiss olunurdu və biz artıq onda uduzmuşduq...
- İlk 20-25 dəqiqə göstərdi ki, biz oynaya bilərik. Daxilimizə böyük istək var, ürəkdən oynayırdıq. 2-ci qoldan, belə penaltidən sonra komanda elə bil ki, bir az ruhdan düşdü. Ancaq ilk hissənin axırına kimi çalışdıq, paltardəyişmə otağına 1:2 hesabı ilə getmək, bundan sonra baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, oyunda dəyişiklik yaratmaq istəyirdik. Ancaq ilk uzatma dəqiqəsində vurulan qol demək olar oyunun taleyini həll elədi.

- Millimizdən bundan sonra nə gözləyək?
- Bildiyiniz kimi, qalan 6 oyundan 4-ü evdə oynayacağıq. Bu da bizim üstün cəhətimiz olacaq. Mən elə fikirləşirəm ki, seçmə mərhələnin ən vacib oyunu növbəti görüşümüz – Qazaxıstanla səfər matçımız olacaq. Çünki orada bizdən qələbəni çox gözləyəcəklər. Bəlkə dünənki məğlubiyyətləri bizə bağışladılar. Ancaq bilirəm ki, Qazaxıstanda məğlubiyyət birmənalı qarşılanmayacaq. Orada bizim üçün asan olmayacaq, rəqib də bizimlə bərabər səviyyədədir. Buna görə də Belçikaya məğlubiyyəti tez unudub, Qazaxıstan və Almaniya ilə oyunlara yaxşı hazırlaşmaq lazımdır.

- Sonda bu məğlubiyyətdən sonra azərbaycanlı azarkeşlərə sözünüz...
- Onları bu gün məyus etdik. Bilirdim ki, bir çox azarkeşlər televiziya qarşısında oyunumuz izləyirlər. Bir kapitan kimi hamısından üzr istəyirəm. Çalışacağıq ki,qarşıdakı oyunlarda onların etimadını doğruldaq. Bilirdim ki, Türkiyə üzərində qələbəmizdən sonra bizə inanırdılar. Fikirləşirdilər ki, yenə nəsə edə bilərik. Biz də iddialı danışmışdıq. Mən ilk dəfədir ki, karyeramda iddialı danışmışdım. Mən də burda yaxşı nəticə qazanacağımızla bağlı komandaya inanmışdım. Ancaq alınmadı. Qarşıdakı oyunlarda bu məğlubiyyətlərin əvəzini çıxmağa çalışacağıq.

Mehman SÜLEYMANOV, Brüssel