“Bu gün Avropa futbolundan çox geri qalırıq” - MÜSAHİBƏ
30.03.2011 - 04:06
“Bu gün Avropa futbolundan çox geri qalırıq” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun Belçikaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibəsi

- Siz qol da vurdunuz, ancaq yığmamız uduzdu...
- Əlbəttə, bura uduzmağa gəlməmişdik. Ən azından heç-heçə etmək istəyirdik. Bu, bizi qane edən nəticə idi. Bu, futboldur. Məncə, bu hesab oynadığımız oyuna layiqli deyildi. Düzdür, Belçika güclü rəqibdir. Hesabı açdılar, irəli keçmək üçün yaxşı imkanları oldu. Ancaq məncə, baş hakimin onlara simpatiyası oyunda görünürdü. İlk qolda heç bir cərimə zərbəsi yox idi. Erkən qol istər-istəməz bizə psixoloji çətinlik yaratdı. Ancaq bununla belə, hesabı bərabərləşdirdik. Fərqi yoxdur, mən vurdum, yoxsa başqası. İnşallah, məncə, belə əzmlə oynasaq, bu məğlubiyyətlərin hamısı revanşını Bakıda alacağıq.

- Azarkeşlərimizə nə demək istərdiniz?
- Nə deyim? Razılaşaq ki, bu gün Azərbaycan futbolu Avropa futbolundan çox geri qalır. Biz bütün səfər oyunlarında bunu görürük. Biz də çalışırıq ki, həmin görüşlərdə böyük hesablı məğlubiyyətlə üzləşməyək. Bunların əvəzini Bakıda qələbə qazanaraq, xalqımızı, azarkeşlərimiz sevindirməklə çıxmağa çalışacağıq.

- Millimizin heyətində ilk rəsmi qolunuz idi. Özü də Belçika yığmasına ilk qolu vuran futbolçu kimi tarixə düşdünüz. Ancaq bunun müqabilində belə nəticəyə özünüz çoxmu məyus oldunuz?
- Əlbəttə. Qolu vurub, hesabı 1:1 edəndən sonra komanda olaraq burdan xal alacağımıza çox inanırdıq. Axıra kimi vuruşurduq. Ancaq ilk hissənin uzatmaq dəqiqəsində heç nədən buraxdığımız qoldan sonra hesab 1:3 oldu və komanda olaraq bir az “sındıq”.

- Sizcə, bu məğlubiyyətdə mövqe dəyişikləri, bəzi futbolçuların yerlərinin düzgün oynadılmamağı səbəb ola bilərmi?
- Bu, baş məşqçinin qərarıdır. Ancaq meydana çıxan 11 futbolçunun hamısı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Hamı əlindən gələnin ən yaxşısını etmək istəyirdi.

- Ancaq buna nail ola bilmədiniz...
- Əlbəttə. Hər bir futbolçu universal olmağa çalışmalıdır.

Mehman SÜLEYMANOV, Brüssel