Birinin nəticəsi ləğv olundu, biri yarışa çıxmadı - YENİLƏNİB
11.04.2011 - 19:59
Birinin nəticəsi ləğv olundu, biri yarışa çıxmadı - YENİLƏNİB
Bu gün ağır atletika üzrə kişi və qadınlar arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Kazan şəhərində keçirilən yarışa 8 atletlə qatılmağı planlaşdıran Azərbaycan yığması sonda səfərə tam heyətlə yollanmayıb.

Belə ki, ilk gündə 3 ağırlıqqaldıranımız mübarizəyə qoşulmalı olsa da, onlardan yalnız birinin iştirakı baş tutub. Lakin o da uğursuz alınıb. Daha doğrusu, Avropa Ağırlıqqaldırma Federasiyası həmyerlimizin nəticəsini ləğv edib.

Kişilər, 56 kq
Bu çəkidə podiuma çıxan yeni milliləşdirilmiş legionerimiz Valentin Xristov çıxışını yekunlaşdırıb. Rəqibləri arasında ən kiçiyi olan 17 yaşlı təmsilçimiz B qrupunda qüvvəsini sınayıb. O, birdənqaldırma yarışlarında ilk cəhddə 110 kq, ardınca 115 kq çəkinin öhdəsindən gəlib. Lakin son olaraq 118 kq çəkini sifariş edən bolqarıstanlı idmançı bu ağırlığı başı üzərinə qaldıra bilməyib.

Təkanlaqaldırma yarışlarında isə Valentin hər 3 rəqibindən çox ağırlıq sifariş edib. Təmsilçimiz öncə 135 kq çəkini qaldırıb, ardınca 147 kq çəkini ram edə bilməsə də, son cəhddə bu çəkinin də öhdəsindən gəlib.

Beləliklə, 2 hərəkətin cəmində 262 kq çəkini qaldıran Xristov B qrupunu lider kimi başa vuraraq, A qrupundakı rəqiblərinin çıxışını gözlədiyi halda xoşagəlməz xəbərlə rastlaşıb. Avropa çempionatının da ilk rekordçusu kimi adını tarixə yazdıran legionerimizin göstərdiyi nəticə və rekordu ləğv edilib.

Qadınlar, 48 kq
Bu çəkidə Azərbaycanın idman şərəfini qoruyan Silviya Angelova A qrupunda yer alsa da, qeyri-müəyyən səbəbdən podiuma çıxmayıb. Nəticədə təşkilatçılar onun adının üstündən xətt çəkməklə, sonuncu yeri bolqarıstanlı legionerimizə “hədiyyə” ediblər.

Qeyd edək ki, 56 kq çəki dərəcəsində Elmar Alıyev də yarışa aparılmayıb. Lakin ondan fərqli olaraq, Angelovanın adı start heyətində yer almışdı.