Azərbaycan yığması Avropa çempionatına əhəmiyyət vermir
11.04.2011 - 15:40
Azərbaycan yığması Avropa çempionatına əhəmiyyət vermir
“Avropa çempionatında iştirak ölkənin öz istəyi ilə bağlıdır. Bu səbəbdən ola bilsin bu gün qüvvəsini sınayan idmançımızın çıxışı ilə milli komandamız analoji yarışda iştirakını yekunlaşdırsın”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov deyib.

Bu gün Rusiyanın Kazan şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürüb. Yarışın ilk günündə 56 kq çəki dərəcəsində kişilərin mübarizəsində 2 Azərbaycan təmsilçisi – Valentin Xristov və Elmar Alıyevin podiuma çıxacağı gözlənilsə də, sonuncu yarışa qatılmayıb.

Əsgərovun sözlərinə görə, bu təbiidir və əsas qüvvəni dünya çempionatına saxlayırlar: “İdmançılarımız Kazan yaxın olduğu üçün səfərə 1 gün öncədən yollanırlar. Alıyev isə dünən oraya getmədi. Səbəb isə milli komandamızın gücünü mundiala saxlamaqdır. Çünki bu yarışda daha uğurlu çıxış planlaşdırırıq. Hələ ola bilsin bundan sonra kişilərin yarışında digər atletlərimiz də çıxış etməsin və Valentin Xristovun çıxışı ilə Avropa çempionatını yekunlaşdıraq”.

Qeyd edək ki, qitə birinciliyi ərəfəsində Ağır Atletika Federasiyası burada 4 kişi idmançının iştirak edəcəyini bildirmişdi. Bu gün Valentin Xristov podima çıxsa da, Elmar Alıyev yarışa qatılmadı. Digər atletlərimiz - Sərdar Həsənov (69 kq) və Namiq Cəlilovun (85 kq) Kazanda qüvvəsini sınayıb-sınamayacağı isə hələ dəqiqləşməyib.