Fransızlar “Baku Fires”ə qarşı güclü heyətlə çıxır
13.04.2011 - 12:14
Fransızlar “Baku Fires”ə qarşı güclü heyətlə çıxır
WSB liqasının ilk yarımfinal görüşündə “Paris United” klubunu 4:1 hesabı ilə məğlub edən “Baku Fires” cümə günü cavab qarşılaşmasına çıxacaq. Apasport.az saytının xəbərinə görə, artıq hər iki komandanın heyəti məlum olub.

Fransa təmsilçisi komandamızın qarşısına güclü heyətlə çıxacaq. Ən yüngül çəkidə Olimpiadaya lisenziya uğrunda qazaxıstanlı Kanat Abutalipovla döyüşəcək Nordin Oubaali meydan sahiblərinin ən güclü idmançılarından biridir. O, “Baku Fires”in ən gənc üzvlərindən olan 18 yaşlı Tuqstsoqt Nayambayarla üz-üzə gələcək.

Monqolustan boksçusu hələ 17 yaşı olarkən Milanda keçirilmiş dünya çempionatında gümüş medala layiq görülmüşdü. 61 kq çəki dərəcəsində Koba Pxakadzenin rəqibi Raçid Azzedin olacaq. Fransalı idmançı bu mövsüm WSB liqasında 5 qələbə qazanıb. 27 yaşlı Pxakadzenin aktivində isə cəmi bir qələbə var.

London Olimpiadasına lisenziya uğrunda vuruşacaq Soltan Migitinov bu görüşdə də komandamızın əsas qələbə ümidlərindəndir. Maraqlıdır ki, onun rəqibi Mişel Tavares bu mövsüm yalnız ukraynalı Sergey Derevyançenkoya uduzub. Derevyançenko mayın 27-də fərdi döyüşdə Migitinovla qarşılaşacaq.

85 kq çəki dərəcəsində Rizvan Əlimuradovun rəqibi xorvatiyalı Hrvoje Sep olacaq. “Baku Fires”in üzvü Əlimuradov bu mövsüm 3 görüşdə yalnız bir qələbə qazanıb.

Komandamızın ən məşhur üzvü – Sergey Xaritonov bu dəfə Filip Hrqoviçi nokauta salmağa çalışacaq.

Xatırladaq ki, rusiyalı ulduz WSB liqasında ilk görüşündə Avusone Yekenini cəmi bir neçə saniyəyə təslim olmağa məcbur etmişdi. 18 yaşlı Hrqoviç 2010-cu ildə Bakıda keçirilmiş gənclər arasında dünya birinciliyinin qalibidir.

Digər yarımfinal görüşündə “Los Angeles Matadors” “Astana Arlans” klubunu qəbul edəcək. Bu komandaların ilk görüşündə Qazaxlstan komandası 4-1 hesabı ilə qələbə qazanmışdı. “Paris United” – “Baku Fires” görüşü aprelin 15-i saat 23.45-də başlayacaq.

54 kq
Nordin Oubaali – Tuqstsoqt Nayambayar

61 kq
Rachid Azzedin – Koba Pxakadze

73 kq
Mişel Tavarez – Soltan Migitinov

85 kq
Hrvoje Sep – Rizvan Əlimuradov

91+kq
Filip Hrqoviç – Sergey Xaritonov