Əli İsmayılov: Onda ayıldım ki, yerdəyəm və hakim sayır - MÜSAHİBƏ
18.04.2011 - 12:12
Əli İsmayılov: Onda ayıldım ki, yerdəyəm və hakim sayır - MÜSAHİBƏ
Azərbaycanlı peşəkar boksçu, WBS kəməri uğrunda döyüşdə David Kinoneroya uduzan Əli İsmayılovun apasport.az saytına müsahibəsi

- Son 2 qarşılaşmada nokauta düşdükdən sonra WBS kəməri uğrunda görüşdə David Kinoneronu məğlub edəcəyinizi bildirmişdiniz. Lakin hər şey əksinə oldu...
- İlk 2 raund kəşfiyyat xarakteri daşıdı. Növbəti 2 hissədə isə Kinoneronu gücünü bildikdən sonra ona dəqiq zərbələr yetirməyə başladım. Bir sözlə, təşəbbüsə yiyələndim. 5-ci raundda isə gözlənilməz hadisə ilə qarşılaşdım. Belə ki, ilk 4 raundda döyüş başlayarkən, bir-birimizin əlini sıxırdıq. Sonuncu raundda da belə olmalı idi. Əvvəlcə rəqib əlini uzatdı, mən də eyni hərəkəti etmək istəyərkən, qəfil zərbə aldım. Bundan sonra bir də ayıldım ki, yerdəyəm və hakim sayır. Bu qələbə centlmensayağı olmadı. Özüm də ayağa durduqdan sonra şok vəziyyətində idim. David bu addımı 3 və 4-cü raundu aktivimə yazdığım üçün atdı. Hələ də bilmirəm ki, peşəkar boksçu bunu hansı məqsədlə etdi. Mən karyeram ərzində birinci dəfədir belə vəziyyətlə qarşılaşıram. Bütün rəqiblərimə qarşı özüm şəxsən həmişə centlmenlik göstərmişəm. Onların da hərəkətləri mənə qarşı yaxşı olub. Bu dəfə isə inanılmaz hadisə məğlubiyyətimlə nəticələndi.

- Bəs zərbə haranıza dəydi ki, huşunuzu itirdiniz?
- Əlimi ona uzadanda, özümü boş tutmuşdum. Həmin an sağ əli ilə çənəmə güclü zərbə vurdu və müvazinətimi saxlaya bilmədim.

- David Kinoneronu döyüşdən əvvəl tanıyırdınızmı? Bəlkə bu taktikanı sizdən öncə də işlədib...
- Fikrimcə, belə olmayıb. Döyüşdən öncə onu lazımınca analiz etmişdim. Kinonero o dərəcədə də güclü rəqib deyil.

- Bəs hakimin qərarı necə oldu? Belə olan halda, apelyasiya şikayəti vermək mümkündürmü?
- Xeyr, mümkün deyil. Çünki mən qalxandan sonra hakimə yaxınlaşdım və narazılığımı bildirdim. Bildirdi ki, qonq vurulduqdan sonra bu, mümkün deyil. Çünki sən görüşməyə də bilərdin və yaxud Kinonero əlini uzadarkən, sən onu vura bilərdin. Hakim dedi ki, rəqib səni uşaq kimi aldatdı. Həmçinin, bildirdi ki, bu məğlubiyyətdə heç kimi günahlandırma. Sonda razılaşdım. Çünki düz deyirdi.

- Döyüşdən sonra necə, David və ya onun məşqçisi ilə söhbətiniz oldumu?
- Sözün düzü, mən ona hələ rinqdə yaxınlaşmağa başladım. Lakin qoymadılar. Rinqi tərk etdikdən sonra – paltardəyişmə otağına getdikdə yenidən buna cəhd etdim. Bu dəfə isə çalışdırıcısı buna imkan vermirdi. Başa düşürdü ki, nəsə mübahisə yarana, sözümüz çəpləşə bilər. Bunun üçün məsələyə təhlükəsizlik xidməti də müdaxilə etdi və söz-söhbət yaranmasına imkan vermədi. Bizi araladı və hərəmizi öz otağımıza istiqamətləndirdi.

- Ardıcıl 3 nokaut sizi psixoloji cəhətdən ruhdan salmayacaq ki?
- Yox, ruhdan düşməyəcəyəm. Sadəcə, bu reytinq baxımından pisdir. Bundan öncəki döyüşümdə qaşım partladığından Madridə Davidlə görüşə məğlubiyyətimi yaddaşlardan silmək üçün yola düşmüşdüm. Mütləq qələbə qazanmağı düşünürdüm və bunu da bacaracaqdım. Döyüşə hərtərəfli hazır idim, əla formada idim. Amma yekunda mən, məşqçim və promuterim üçün gözlənilməz sonluq alındı.

- Ola bilərmi ki, məğlubiyyət seriyası səbəbindən karyeranızı bitirəsiniz? Ümumiyyətlə, son nokautdan sonra belə bir fikir ürəyinizdən keçdimi?
- Mən karyerama belə sonluqla nöqtə qoymağı fikirləşmirəm. Əlbəttə, nə qədər gücüm var, axıra kimi gedəcəyəm. İnşallah, hələ qələbələrim qarşıdadır.

- Onda növbəti döyüş haqda fikirləşməyə dəyər. Rəqibinin kimliyi artıq müəyyənləşibmi?
- Bu bir neçə günə - aprelin sonunda dəqiqləşəcək. Artıq may və ya iyun ayında döyüş keçirməyi planlaşdırmışıq.

Tahir HÜMMƏTOV