“Əsas məqsədim özümü yenidən sübut etməkdir”
18.04.2011 - 17:16
“Əsas məqsədim özümü yenidən sübut etməkdir”
“Mən karyeramı bitirmək barədə düşünmürəm. Əgər belə söhbət gəzirsə, bunlar hamısı şayiədir. Ola bilər ki, tezliklə yenidən idmana qayıdam”. Bu sözləri apasport.az saytına açıqlamasında ağır atletika üzrə Azərbaycan yığmasının sabiq üzvü Zülfüqar Süleymanov deyib.

O bildirib ki, Ümumdünya Antidopinq Agentliyi az öncə yeni qərar qəbul edib. Əgər idmançı başqasının səhvi nəticəsində dopinqdə “ilişibsə” və yığmaya məsuliyyətli olan həmin şəxs səhvini boynuna alarsa, atletin cəzası yüngülləşdirilə bilər. Artıq 1 ildir podiumdan kənarlaşdırılmasının Süleymanovun sözlərinə görə, hələ günahkarın üzə çıxmasını gözləyir: “Mən gözləyirəm ki, bizim dopinq məsələmizdə günahkar olan öz səhvini etiraf etsin. Əgər belə hal olarsa, cəzamız azalacaq və 6-12 ayı əhatə edəcək. Bu müddət isə artıq başa çatıb. Hazırda özümü beynəlxalq arenalarda çıxış etməyə hazır sayıram. Cəzamız azalarsa, dünya çempionatında milli komandamıza Olimpiya lisenziyası üçün lazımı xalları qazandırmağa hazıram”.

Zülfüqarın vurğulayıb ki, cəzasını sona kimi çəkəcəyi halda, növbəti 3 ili məşqçi kimi çalışacaq: “İdmandan ayrılmaq istəmirəm. Cəza müddətim qalacağı halda məşqçi kimi fəaliyyət göstərəcəyəm. Məşqçi kimi çalışdıqda həmçinin formada da qalırsan. Əsas məqsədim sonda özümü yenidən sübut etməkdir”.

Xatırladaq ki, Zülfüqar Süleymanov orqanizmindən götürülmüş analizlər müsbət nəticə verdiyindən o 4 illik diskvalifikasiyaya məruz qalıb. Onunla birgə Rövşən Fətullayev də dopinqdə günahlandırılıb. Ağırlıqqaldıranlarımızın cəza müddəti isə 2014-cü ilin apreldə başa çatacaq.