“Həlledici oyunlarda təcrübəlilərin olması da çox vacibdir”
20.04.2011 - 09:27
“Həlledici oyunlarda təcrübəlilərin olması da çox vacibdir”
Avro-2012-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyununda Qazaxıstan milli komandası əsasən təcrübəli futbolçulara güvənəcək. Apasport.az saytının məlumatına görə, A qrupunda 5-ci yer uğrunda mübarizədə yığmamızın əsas rəqibi olan orta asiyalıların baş məşqçisi Miroslav Beranek iyunun 3-dəki görüşdə güvənə biləcəyi heyət haqqında danışıb. Çexiyalı mütəxəssis bildirib ki, Karaqanda “Şaxtyor”unda çıxış edən Jambıl Kukeyev kimi futbolçuları diqqətdən kənarda qoymayacaq: “Azərbaycanla oyun ərəfəsində Kukeyevin əsas heyətdəki yeri haqda düşünəcəyəm. Bunun üçün onun klubundakı çıxışlarını diqqətlə izləyəcəyəm. Gənc futbolçularımız Kayzerslauterndə ən yaxşılardan idi. Mən onların klublarındakı oyunlarına da baxıram. Lakin belə həlledici matçlarda təcrübəli oyunçuların olması da çox vacibdir. Qapışı məsələsində isə Loriya, Sidelnikov, Mokin “3-lüy”ü arasında seçim edəcəyik”.