“Burda 1 aylıq qazancım Azərbaycandakı 1 illik qazancımdan daha çoxdur”
30.05.2011 - 11:07
“Burda 1 aylıq qazancım Azərbaycandakı 1 illik qazancımdan daha çoxdur”
“Türkiyədə olduğum ilk vaxtdan məşq etmək üçün əla şəraitim olub. Maddi cəhətdən mənə ciddi dəstək veriblər”. Apasport.az saytının məlumatına görə, bunu atletika üzrə Azərbaycan yığmasından imtina etmiş Ramil Quliyev deyib.

Quliyev Türkiyə vətəndaşlığını qəbul etsə də, Beynəlxalq Atletika Federasiyası 2014-cü ilədək onun “ay-ulduzlu” formanı geyməsinə qadağa qoyub. Lakin Türkiyə mətbuatı Ramilin son dəfə Azərbaycan yığmasında 2009-cu ildə çıxış etdiyini yazaraq, onun London-2012-də iştirak etmək şanslarının olduğunu bildirirlər.

Maraqlıdır ki, Ramil özü də Olimpiadadan ümidini üzməyib. O, qonşu ölkə mətbuatına verdiyi açıqlamada bildirib ki, Türkiyədə onun üçün hər cür şərait yaradılıb: “Türkiyədə hər şey məni qane edir. Burdakı 1 aylıq qazancım Azərbaycandakı 1 illik qazancımdan daha çoxdur. Digər məsələlərdə isə 2 ölkə arasında fərq görmürəm. Türkiyədə dil və mədəniyyət baxımından çətinlik çəkmirəm. Artıq hər şeyə uyğunlaşmışam”.

Qeyd edək ki, Ramil Quliyev bu il aprelin 5-də Türkiyə vətəndaşlığını qəbul edib.