Kifayət Qasımova “Top-10”da
31.05.2011 - 13:14
Kifayət Qasımova “Top-10”da
Beynəlxalq Cüdo Federasiyası Moskvada keçirilən “Böyük dəbilqə”nin yekunlarına əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda Azərbaycan milli komandasından ən böyük sıçrayışa Kifayət Qasımova nail olub.

Rusiyada keçirilən lisenziya xarakterli yarışda 5-ci olmaqla 60 xala sahib olan xanım cüdoçumuz 3 pillə irəliləyərə 9-cu yerə yüksəlib. Aktivində 600 xalı olan Qasımova daha 1 yarışda da fəxri kürsüyə yüksələrsə böyük ehtimalla London-2012-yə yollanmaq arzusunu reallaşdıracaq. Düzdür, onunla yanaşı, “Böyük dəbilqə”də iştirak edən və uğur qazana bilməyən Elxan Rəcəbli (81 kq) də 3 pillə irəliləyib. Lakin o, buna rəqiblərinin geriləməsi səbəbindən nail olub.

Yığmamızın aparıcı cüdoçularından Elxan Məmmədov (90 kq) 5-ci,
Elnur Məmmədli (81 kq) 6-cı, Tərlan Kərimov (66 kq) 14-cü və Elmar Qasımov (100 kq) 31-ci pillədəki yerlərini qoruyublar.

Həmyerlilərimizdən yalnız İlqar Müşkiyev (60 kq) və Ramilə Yusubova (63 kq) hərəyə 1 rəqibini qabağa buraxıblar. Nəticədə hər 2 idmançımız 22-cidirlər.

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.