Rauf Əliyev: Uduzmaq olar, ancaq bir şərtlə - MÜSAHİBƏ
03.06.2011 - 09:00
Rauf  Əliyev: Uduzmaq olar, ancaq bir şərtlə - MÜSAHİBƏ
AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyevin apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşına müsahibəsi

-Milli komandamız Avro-2012-nin seçmə mərhələsində çox vacib oyuna çıxacaq. Təbii ki, AFFA-nın rəhbər şəxslərindən biri kimi, sizin də Qazaxıstanla oyunla bağlı fikirlərinizi bilmək maraqlıdır...
- Sizə deyim ki, hamımız həqiqi mənada bu oyundan çox şey gözləyirik. Çox məsuliyyətli oyundur. Birincisi, ona görə ki, Qazaxıstan elə də güclü komanda deyil. Bildiyiniz kimi, Azərbaycan millisində əhval-ruhiyyə çox yaxşıdır. Hazırlıq prosesi də çox yaxşı keçib. Uzun müddət təlim-məşq toplanışı keçiblər və hazır vəziyyətdədirlər. Sadəcə, oynamaq və bu komandanı udmaq lazımdır.

- Yəqin, razılaşarsınız ki, AFFA-nın milli komandamıza bu diqqət və qayğının müqabilində Qazaxıstana məğlubiyyət faciə səviyyəsində olmasa da, böyük uğursuzluq kimi qəbul ediləcək....
- Sizinlə razıyam ki, faciə demək olmaz. Bilirsiniz, bu, idmandır. Hər bir məqamda bir şey olur və bunu tarix göstərir. Amma Almaniya və Belçika yığmalarının bizdən çox güclü olduğunu bilirik və milli komandamızın yaxşı oyun göstərməsinə çalışırıq. Ancaq Qazaxıstan elə səviyyədədir ki, Azərbaycan millisi burada yaxşı oynayıb, özünü göstərməlidir. Mən hesab edirəm ki, yığmamız Qazaxıstana gərək uduzmasın. Yığmamız ən azı heç-heçə etməlidir.

- Sizcə, futbolçuları belə vacib oyunlara yaxşı kökləmək, stimullaşdırmaq üçün böyük məbləğdə mükafat lazımdır, yoxsa?
- Bilirsiniz, dünya praktikası göstərir ki, hər bir yığma udanda futbolçuları mükafatlandırırlar. Futbolçuları maraqlandırmaq üçün hansısa məbləğdə mükafat verirlər. Ancaq digər tərəfdən, vətənpərvərlik ruhu olmalıdır. Bu, yığma komandadır.

- Yəni hər şey pulla ölçülmür...
- Bəli. Futbolçular dərk etməlidirlər ki, onlar Azərbaycanın yığmasında oynayırlar, burada ölkəmizi təmsil edirlər. Yaxşı oyun göstərilsə, nəticə qazanılsa, digər hər bir məsələ həll olunacaq.

- Hər dəfə səfərdə uduzduğumuz zaman vətənə dilxor dönürük. Belə demək olar ki, artıq səbir kasamız dolub?
- Bizə vaxt lazımdır. Hərdənbir deyirlər ki, nə qədər vaxt lazımdır? Biri 5, digəri 10 il deyir. Yavaş-yavaş futbolçularımızın yetişdiyini görürük. Ancaq buna bir az zaman, lazımdır.

- Bir məqamı da nəzərə almalıyıq ki, futbolumuzun 100 illik yubileyidir, iyunun 6-da AFFA-nın bununla bağlı möhtəşəm tədbiri olacaq. Bu mənada yığmamızın baş məşqçisi Berti Foqts və futbolçular Qazaxıstanda qalib gəlməklə, yubiley hədiyyəsi etməlidirlər...
- Təbii ki. Bu, təkcə onlara yox, bütün Azərbaycan futbolsevərlərinə hədiyyə olar. Futbolçularımız böyük məsuliyyəti dərk etməlidirlər. Ona görə də Qazaxıstan yığmasına qarşı yaxşı oynamaq lazımdır.

- Təbii ki, heç kim belə yubileyi dilxor vəziyyətdə keçirmək istəməz...
- Əlbəttə. Azərbaycan futbolunun da öz tarixi var. Biz yubileyimizi keçirəcəyik, xaricdən çoxlu qonaqlarımız gələcək. Ancaq Qazaxıstanla oyun göstərməlidir ki, Azərbaycan futbolu bu gün həqiqi mənada inkişafdadır. Qələbə yubiley öncəsi, futbolsevərlərimizə lazımdır. Əgər məndən Almaniya yığması ilə iyunun 7-də Bakıdakı oyundan nə gözlədiyini soruşsaydınız, əlbəttə, deyərdim ki, bu rəqib çox güclüdür. Bunda heç nə deyə bilmərəm.

- Yəni Almaniyaya məğlubiyyətimizi normal qarşılamaq olar...
- Uduzmaq olar, ancaq bir şərtlə. Yəni, məğlubiyyət elə olmalıdır ki, yaxşı oyun göstərək. Ancaq yaxşı olardı ki, Qazaxıstanı udaq.

- Almaniya yığması final mərhələsinə çıxmaq vəzifəsini böyük ölçüdə həll etsə də, yubileyə görə bizə güzəştə getməz...
- Yubiley iyunun 6-dır, almanlar bizimlə 7-də oynayır (gülür). Hamı başa düşməlidir ki, Almaniya yığması sözün əsl mənasında komandadır. Bu, bir mexanizmdir, bunu bilirlər. Təbii ki, belə güclü komandaya qarşı oynamaq futbolçularımız üçün böyük, çox yaxşı bir təcrübədir. Uduzmaq olar, ancaq bu, oyunla olmalıdır. Özünü göstərmək, qapıya zərbə vurmaq, kombinasiya yaratmaq lazımdır. Yoxsa belə olmamalıdır ki, almanlar gəldi, istədiklərini etdilər, sən də qorxdun, qapında dayandın, onlar da bir-biri qollarını vurdular. Artıq azərbaycanlı futbolçular bunu dərk etməlidirlər ki, onlar oynamalıdırlar. Uda da, uduza da, heç-heçə də edə bilərlər.

- Foqtsla AFFA-nın müqaviləsinin müddəti cari seçmə mərhələnin sonunda başa çatacaq. Onun taleyinə sizin də üzvü olduğunuz AFFA-nın İcraiyyə Komitəsi qərar verəcək. Ancaq ola bilər ki, Qazaxıstana da məğlubiyyət bəraət olmasın? Nəticədə Foqts etimad limitini bitirdiyindən, anlaşma vaxtında əvvəl pozularaq, istefaya göndərilsin?
- Fikrinizi başa düşdüm. Bu məsələ tez-tez, demək olar hər məğlubiyyətdən sonra qalxır. Mən həmişə buna belə cavab verirəm ki, Foqtsun müqaviləsi var. Təbii ki, müqavilə qurtaranda, onun taleyinə AFFA rəhbərliyi, İcraiyyə Komitəsi tərəfindən baxılacaq. Yəni müqavilə qurtarmalı, sonra məsələyə baxılmalıdır.

- Nəticəyə görə məsələyə vaxtından əvvəl, seçmə mərhələ bitməmiş baxmaq olar?
- Yox. Bu adamın müqaviləsi var.

- Hər halda, Foqts Qazaxıstanı udsa, hər dəfə nəticə qazananda yerini daha da möhkəmlədir...
- Təbii. Azərbaycan yığması Türkiyəni udanda hamı sevinirdi. Hamı yığmamızı tərifləməyə başladı. Getdik Belçikaya uduzduq, hamı dedi ki, çox pisdir. İndi Qazaxıstanla nə olacaq, bilmirəm. Çalışırıq ki, udaq.

- Yay aylarında AFFA-nın İcraiyyə Komitəsinin iclası, növbədənkənar Konfransın keçirilməsi gözlənilirmi?
- Hələ biz yubiley ərəfəsindəyik. Bunu, sonra Almaniya yığması ilə oyunu keçirək. Ola bilsin ki, bundan sonra həmin məsələyə baxılsın. Ancaq hələlik belə bir söhbət yoxdur, məsələyə baxılmır.

- 100 illik yubileyə dəvət olunan FİFA və UEFA prezidentləri, Fatih Terim kimi tanınmış qonaqlar konkret nə vaxt gələcəklər?
- Tədbirə kimi gələcəklərini deyiblər. Hamı gözləyir. İyunun 6-da müxtəlif tədbirlərimiz, təməl qoyma mərasimlərimiz, axşam “Buta”da tədbirimiz var. Buna görə də çoxlu qonaqlarımızı gözləyirik.

- Təməli qoyulacaq 65 minlik stadionun inşası nə vaxt bitməsi nəzərdə tutulub?
- Təməlqoymadan sonra baxacaqlar. Bu, dövlət tərəfindən inşa edilən olimpiya stadionu olacaq. Hələlik təməl qoyma mərasimi keçirilir.

- AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov İsveçrədən birgə Qazaxıstana gələcəklərmi?
- Onlar FİFA-nın konqresində iştirak edirlər. FİFA prezidenti Yozef Blatterin yenidən prezident seçilməsi ilə bağlı İsveçrədə tədbirə qatıldılar. Oyuna kimi gəlməlidirlər.

Mehman SÜLEYMANOV
Astana