Yığmamızın “2-ci nömrələr”i “Qubernator kuboku”nda
12.07.2011 - 12:32
Yığmamızın “2-ci nömrələr”i “Qubernator kuboku”nda
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində boks üzrə “Qubernator kuboku 2011” turniri start götürəcək. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandamız məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yarışa “2-ci nömrələr”lə yollanıb.

Rusiyanın şimal paytaxtında 8 boksçumuz rinqə çıxacaq. Heyətdə ən təcrübəli idmançı 60 kq çəki dərəcəsində döyüşəcək Romal Amanovdur. 60 kq çəki dərəcəsində daha bir təmsilçimiz – İmil İksanov da qələbə uğrunda mübarizə aparacaq. İlkin Ağayev (56 kq), İsmət Eynullayev (64 kq), Emil Əhmədov (69 kq), Yolçu Zeynalov (75 kq), Fərid Ağayev (81 kq) və Asim İsgəndərov da (91 kq) Sankt-Peterburqa yollanan heyətdə yer alıblar.

“Peterburqski” İdman-Konsert Kompleksində keçiriləcək turnirdə yığmamızdan başqa, Rusiyanın 2 komandası, Avstraliya, İsrail, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Tunis, Özbəkistan, Ukrayna, İsveç və Estoniya boksçuları da iştirak edəcəklər.