Yığmamız Rusiyaya da diz çökdürdü
09.11.2011 - 10:04
Yığmamız Rusiyaya da diz çökdürdü
Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda qüvvələrini sınayan Azərbaycanın kişi və qadınlardan ibarət milli komandalarının hər ikisi görüşlərini qələbə ilə başa vurublar.

Çempionatda hələ məğlubiyyət acısı yaşamayan Vladimir Tukmakovun yetirmələri bu dəfə turnirin reytinq-favoriti Rusiya yığmasına gücləri göstəriblər. Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və Qədir Hüseynovun heç-heçə etdiyi matçda Teymur Rəcəbovun inamlı çıxışı millimizə qələbə qazandırıb. Təmsilçilərimiz bu gün Bolqarıstan yığması ilə qarşılaşacaq. Rəqibimiz də bizim kimi 10 xal qazanıb və şəxsi göstəricisi 15-dir.

Kişilər

RUSİYA – AZƏRBAYCAN – 1,5:2,5
Petr Svedler (2755) – Teymur Rəcəbov (2781) – 0:1
Aleksandr Qrişuk (2752) – Vüqar Həşimov (2757) – 0,5:0,5
Sergey Karyakin (2763) - Şəhriyar Məmmədyarov (2733) – 0,5:0,5
Yan Nepomnyaşi (2730) - Qədir Hüseynov (2636) - 0,5:0,5

6 turdan sonra turnir cədvəli: 1. Rumıniya 10 (şəxsi göstərici 15,5), 2-3. Azərbaycan 10 (15), Bolqarıstan 10 (15), 4. Ermənistan 9 (15,5), 5. Almaniya 9 (14,5), 6. Fransa 9 (14)...

Qadınlar

Qadınlardan ibarət yığmamız yarışa uğursuz başlasa da, özünə gəlməyə başlayıb. Fikrət Sideyfzadənin yetirmələri bu dəfə İsrail yığmasından güclü olub. Komandamız 4-cü lövhədə Nərgiz Umudovanın qələbəsi sayəsində 2 xal qazanıb və 10-cu pilləyə yüksəlib. Həmyerlilərimiz VII turda çexiyalı zəka sahibləri ilə qüvvələrini sınayacaqlar.

İSRAİL – AZƏRBAYCAN – 1,5:2,5
Maya Porat (2299) – Zeynəb Məmmədyarova (2314) – 0,5:0,5
Marsel Efroimski (2230) – Gülnar Məmmədova (2290) – 0,5:0,5
Angela Borsuk (2257) – Türkan Məmmədyarov (2277) – 0,5:0,5
Olqa Vasilyev (2305) – Nərgiz Umudova (2210) – 0:1

6 turdan sonra turnir cədvəli: 1. Rusiya – 11 (17), 2. Ukrayna – 10 (16), 3. Polşa – 9 (16)... 10. Azərbaycan – 7 (13,5)...

Qeyd edək ki, qalib 9 turun yekununda müəyyənləşəcək.
0