Antalyada daha bir medal
15.04.2012 - 09:32
Antalyada daha bir medal
Türkiyənin Antalya şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışda uğurla çıxış edən Azərbaycan milli komandası növbəti medalını qazanıb.

Qonşu ölkədə bu dəfə İntiqam Zairov (94 kq) fərqlənib. O, təkanla qaldırma hərəkətlərində 213 kq çəkini ram edərək, “kiçik bürünc”ə sahib olub. Lakin həmyerlimizin birdən qaldırma hərəkətlərində bütün cəhdləri uğursuz alınıb və o, ümumi siyahıda yer almayıb.

Ondan fərqli, digər təmsilçimiz Alyina Kiriyenko (69 kq) hər 2 hərəkətdə sifariş verdiyi çəkini başı üzərinə qaldırıb və yekunda 9-cu yeri tutub (88 kq + 113 kq = 201).

Qeyd edək ki, çempionatın əvvəlki günlərində Valentin Xristov (56 kq), Əfqan Bayramov (69 kq) və Boyanka Kostova (56 kq) Avropa çempionu adını qazanmışdılar. Silviya Angelova (48 kq) isə bürünc mükafata sahib çıxmışdı.

Yığmamızın üzvlərindən Yuliya Dovqal (+75) hələ mübarizəyə qoşulmayıb. Namiq Cəlilov (85 kq) isə zədələndiyindən podiuma çıxmayıb.