Adrian Mutu: "Beşiktaş"la matçda 2 top fərqini aradan qaldırmalıyıq" - MÜSAHİBƏ
16.08.2023 - 19:29
Adrian Mutu: "Beşiktaş"la matçda 2 top fərqini aradan qaldırmalıyıq" - MÜSAHİBƏ

“Bizi çətin oyun gözləyir".

Apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Konfrans Liqasının III təsnifat mərhələsinin “Beşiktaş”la cavab oyunundan öncə 44 yaşlı mütəxəssisin mətbuat konfransı keçirilib. Rumıniyalı çalışdırıcı sabah İstanbulda keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb: “Rəqibin böyük üstünlüyü var. Əlimizdən gələni edəcəyik. Futbolda hər şey mümkündür. Buraya qələbə qazanmağa gəlmişik”.

- "Qarabağ" və Sabah"ın analoji yarışda mərhələ keçəcəyinə inananlar az deyil. "Neftçi"ni isə siyahıdan silənlər çoxdur. Yəqin ki, "Beşiktaş" da artıq arxayındır. Özünüz sabahkı möcüzəyə nə qədər inanırsınız?
- "Beşiktaş"la rəqib olanda hamı bizi siyahıdan silmişdi. Futbolda hər şey mümkündür. Baxmayaraq ki, ilk oyunda uduzub, bura məğlubiyyətlə gəlmişik. İki qol fərqini aradan qaldırmalıyıq, bunu başa düşürük. Sabahkı matçda çalışacağıq ki, əlimizdən gələni edək ki, azarkeşlərimizə hörmət göstərək, geyindiyimiz rənglərə hörmətlə yanaşaq. Normalda bu cür komandalara qarşı ÇL-də qarşılaşırsan, KL-də yox.

- "Beşiktaş"la birinci oyunda, "Səbail"lə çempionat matçında bir çox aparıcı oyunçuların xidmətindən yararlana bilməmişdiz. Zədəliləriniz çox idi. Hazırda onların durumu nə yerdədir?
- Böyük dəyişiklik yoxdur. Zədəliləri çıxmaq şərtilə aşağı-yuxarı eyni heyətdir. Heyətimiz kasaddır. Yeni transferlər də gözlənilir. əlbəttə ki, son oyunların ritminə fikir versək, bizə heç də üstünlük vermir. Normalda həm avrokuboklarda, həm də yerli çempionatda yaxşı çıxış etmək üçün daha geniş heyətə ehtiyac var. Çalışırıq ki, düşdüyümüz vəziyyətə uyğunlaşaq və bu vəziyyətdən yaxşı formada çıxa bilək. Biz burdayıqsa, demək oyuna qələbə üçün gəlmişik.

- Komanda "Səbail"lə çempionat oyunundan dərhal sonra İstanbula gəldi. Bərpa prosesini üçün belə etdiniz, yoxsa...? 
-"Səbail"lə oyundan sonra bir gün vaxtımız oldu ki, bərpa məşqi edək. Ondan sonra ilk dəfədir ki, bu gün meydanda məşqə çıxacağıq. Geriyə görüşümüz avqustun 18-nə planlaşdırılır. Gədiyimiz gün bərpa məşqi edib, sonra "Sabah"la oyuna hazırlaşacağıq. Həmin oyunun vaxtı dəyişdirilməsə, eyni vəziyyət olacaq.

- Sabah biz ilk oyunda fasiləyə qədərki, yoxsa ikinci 45 dəqiqədəki döyüşkən "Neftçi"ni görəcəyik?
- İlk yarıda da komanda əlindən gələni edirdi. Amma istəyərəm ki, sabah ikinci hissədə oynayan "Neftçi"ni görüm.

- İlk dəqiqədən hücum futbolu oynayacaqsız?
- Çalışacağıq ki, sabah öz üslubumuzda olan futbol oynayaq. İstədiyimiz üslubu mükəmməlləşdirmək istəyiriksə, rəqibdən fərqi olmayaraq, eyni üslubda davam etdirməliyik.

- "Neftçi" avrokuboklarda ilk dəfə Rusiya klubunu mübarizədən kənarlaşdırıb. Sabah Türkiyə klubunu da məğlub etməyi reallaşdıra bilərsiz?
- Həmişə ilklər yaşanır. 

- "Beşiktaş"a qarşı matçda "Səbail"lə meydanda gördüyümüz heyəti meydana buraxacaqsız?
- Heyətimizə nəzər yetirsəz, o qədər də çox oyunçu yoxdur. Ona görə sual qarşısında mat qalıram. Baxarıq, görərik. "Beşiktaş"ın geniş heyəti var. Bizdə da gələcəkdə belə heyət olsa, daha yaxşı çıxış edərik, daha yaxşı nəticələr olar. Heyətə nəzər yetirsək, gənclərimiz çoxdur. İki top fərqini aradan qaldırmalıyıq. Bunu etmək üçün daha təcrübəlilərin təcrübəsindən istifadə etmək lazımdır. Çoxlu detallara nəzər yetirməliyik. Heç də asan olmayacaq. Çalışacağıq ki, sabah 100 faizimizi verək.

- Futbolçu karyeranızda çətin durumlarda mərhələ adlamısız?
- Bəli, bu cür hallarla rastlaşmışam. Belə matçlarda hər qol vacibdir. Birinci oyundakı səhvləri ikinci matçda düzəltməyə çalışırsan. Rahatlaşmaq olmaz. Düşünürəm ki, istədiyimiz oyunu göstərə biləcəyik.

- Sabah "Beşiktaş" "Neftçi"nin hansı xüsusiyyətindən ehtiyat etməlidir?
- Biz ikinci hissə "Beşiktaş"a göstərdik ki, futbol oynaya bilirik. Onlar da bilməlidir ki, itirəcəyimiz bir şey yoxdur. Bundan da diqqətli olmalıdır.

Qeyd edək ki, "Neftçi" ilk oyunda 1:3 hesabı ilə məğlub olub.

0