Adrian Mutu: “Bu cür mesajlar göndərmirəm" - MÜSAHİBƏ
18.08.2023 - 00:05
Adrian Mutu: “Bu cür mesajlar göndərmirəm" - MÜSAHİBƏ

“Düşünürəm ki, hesabı nəzərə almasaq, 55 dəqiqədə komandam yaxşı mübarizə apardı”

Apasport.az-ın İstanbula ezam olunan əməkdaşının verdiyi məlumata görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında “Beşiktaş” 1:2 hesabı ilə uduzan komandanın çalışdırıcısı oyundan məmnun qaldığını bildirib: “Konfrans Liqasından kənarda qalsaq da, komanda bacarığını nümayiş etdirdi. Meydana qələbə üçün çıxdığımızı göstərdik".

- İlk oyundan sonra "Neftçi"yə ümid yox idi. Dünən çox inamlı danışdız. Bunun xüsusi sirri var? 
- Biz oyuna belə yanaşırıq. Çünki istəyirik ki, xarakterli komanda yaradaq. Hətta şanslarımız az olsa belə, mübarizə aparmalıyıq. Əgər klubunu və təmsil etdiyin rənglərə hörmətlə yanaşırsansa, deməli sona qədər mübarizə aparmalısan. İki oyuna baxsaq, dörd hissədən ibarət oldu. Bir hissəni qazanmış olduq.

- Milliləşdirilən futbolçuları saysaq, start heyətində 10 legioner oynayırdı. Bu, komandada səviyyəli yerlilərin azlığına mesajdır? 
- Bu cür mesajlar göndərmirəm. Bizdə Qara Qarayev var. Eddi İsrafilov və Ömər Buludov da zədəlidir. Həqiqətə baxsaq, bu gün əlimizdə olan silahlarla sona qədər mübarizə apardıq. Çalışdıq ki, enerjimizi səmərəli istifadə edək. "Beşiktaş"da əvəzetmədə 12, bizdə 5 oyunçu var idi. Oyunçu sayı az olsa da, biz göstərdik ki, bura turist kimi yox, futbol oynamağa gəlmişik.

- Təyinatınız daha tez olsaydı, daha yaxşı nəticə qazanılardı, yoxsa yenə "Beşiktaş"la yenə çətin alınacaqdı? 
- Belə olsaydı, bəlkə heyətdə daha çox oyunçumuz olardı. Deyə bilməzdim, daha yaxşı olardı ya, yox. Amma daha hazırlıq heyət olardı.

- Avropa səviyyəli komandalarla görüş “Neftçi”yə çempionluq mübarizəsində nə dərəcədə kömək olacaq? 
- Bu period ərzində oyunçular çox enerji itirdilər. Fürsətdən istifadə edərək istirahətimizə də vaxt ayıracağıq. Millilərə görə fasilə yaranacaq, mini toplanış keçəcəyik. Bununla da, tamamilə çempionata köklənəcəyik.

Qeyd edək ki, "Neftçi" ilk matçda da 1:3 hesabı ilə uduzduğundan Konfrans Liqası ilə vidalaşıb.

 

0